Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun rejissoru olduğu “Malakanlar” sənədli filminin çəkilişlərinə start verilib.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılan, “Salnamə” studiyasında lentə alınan filmin çəkilişləri Gədəbəy rayonunun  Novosaratovka kəndində baş tutub.

Xatırladaq ki, Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı dəfələrlə sənədli filmlər çəkilib və malakanlar mövzusuna da bir neçə dəfə müraciət olunub.

Rejissor Cəmil Fərəcov bildirir ki, malakanlar haqqında çox film çəkilsə də, onların ildən-ilə azalmasını nəzərdə tutaraq yenidən bu mövzuya müraciət etməyi qərara aldıq.

Rejissor onu da qeyd edir ki, artıq çəkilişlərin ilk mərhələsi bitib, ikinci mərhələ isə İsmayıllı rayonunun İvanovka kəndində, “məhsul bayramı” gününə təsadüf edəcək, çünki məhz həmin günün bayram əhval-ruhiyyəsi filmdə öz əksini tapacaq.

Son olaraq qeyd edək ki, “Malakanlar” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov, quruluşçu operatoru Üzeyir Abbas, icraçı prodüseri Kamil Məmmədov, baş prodüser Nazim Hüseynovdur.



                 

Digər