Xalq artisti 15 illik duet ortağından imtina etdi - qocaldığına görə

Xalq artisti 15 illik duet ortağından imtina etdi - qocaldığına görə
2756 dəfə oxunub
  • A-
  • A
  • A+

15 ildir birgə duet ortaqlığı edən xalq artisti Səməd Səmədov və Sevda Əliqızı cütlüyü yollarını ayırıb.

Axşam.az AzVision.az-a istinadən xəbər verir ki, məlumatı Sevda Əliqızı təsdiqləyib. Ayrılığa səbəb isə Səməd Səmədovla bağlı olub. Belə ki, xalq artisti S.Əliqızı qocaldığı üçün onunla duet oxumaq istəmədiyini deyibmiş.

S.Əliqızının sözlərinə görə, S.Səmədov bu xəbəri ona öz prodüseri vasitəsilə göndərib:

“Ən son Məhərrəmlik girməzdən 1 gün öncə toydan mehriban sağollaşıb ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O, artıq qocalıb. Mən onunla oxuya bilmərəm. Mən isə əlbəttə ki, bir anlıq dondum qaldım və təbii olaraq bununla razılaşmadım”.

S.Əliqızı deyir ki, prodüserin sözlərinə inanmayıb S.Səmədova zəng edib:

“Səmədə zəng etdim. Həmişə zəngimi açan Səməd bu dəfə telefona cavab vermədi. Bundan sonra yoldaşına zəng etdim və olanı dedim. Söylədim ki, 15 ildir bir yerdə olmuşuq, zəhmət çəkmişik, çörək kəsmişik. Bunun müqabilində insana, xüsusilə də xanıma bu sözü deyərlərmi? Oxumaq istəmirdisə, bunu mənə normal şəkildə deyə bilərdi. Xanımı da təəccübləndi. Lakin o gündən sonra onlardan heç bir səs-soraq gəlmədi”.

S.Əliqızı əlavə edib ki, üzdə mülayim və insansevər görünən S.Səmədovdan onsuzda özü tezliklə yollarını ayırmaq istəyirmiş:

“Çünki bu insan 15 ildə mənim repertuarımı, sağlamlığımı heç etdi. Mən nə zamansa tək efirə çıxırdımsa, qısqanclıq edər və deyirdi ki, "yox" biz birlikdə çıxmalıyıq. Bu insanın içində mənə qarşı paxıllıq olduğunu sezmişdim. O heç də üzdəki kimi mülayim deyil. Ansambılla məşqlər edən zaman onun etdiyi o kobudluğu görsəniz, inanın heç ora ayaq basmazdınız. Ancaq mən bu 15 ildə bunlara dözdüm və qarşılığında ondan da bu hörməti gördüm. Qocalmağa gəlincə isə mən bildiyimə görə, Səməd 70 yaşa çatıb. Yəqin, o öz yaşı ilə mənim yaşımı səhv salıb. Onu demək istəyirəm ki, cürbəcür qocalıqlar olur. İnsan var qocalanda müdrikləşir, insan da var başı gedir. Çox təəssüf Səmədə müdriklik qismət olmadı”.

Qeyd edək ki, S.Əliqızı artıq sənətinə solo fəaliyyətlə davam edəcək.