Xalq artisti toy qiymətini artıranları tənqid etdi

Xalq artisti toy qiymətini artıranları tənqid etdi
2171 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Ağadadaş Ağayev şou-biznesin hazırki durumundan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni “Star life” verilişinə açıqlamasında konsert verməməyinin səbəbini açıqlayıb:

“Təəssüf hissi keçirirəm ki, bizdə konsert biznesi fərqlidir. Dünyanın hər yerində müğənni konsertdən pul qazanır. Bizdə isə müğənnini pis vəziyyətə salırlar. Kassaya yaxınlaşıb bilet almaq istəyənləri də geri qaytarırlar. Mənim başıma belə hadisə gəlib. Qohumlarım gedib konsertdə bilet almağa, deyiblər, “Satışda yoxdur”. Müğənni həm toylara gedir, pul qazanır, həm də mahnı yazdırır. Konsert olanda isə baş qarışır ona. Bizə konsert üçün təşkilatçı lazımdır. Bunu isə heç kim etmir”.

A.Ağayev toy qiymətini artıran həmkarlarını qınayıb:

“Bir vaxtlar ayın 30 günü toya gedirdim. Bir yerdə yox, müxtəlif rayonlarda. Toy qiymətini ifrat dərəcədə qaldıranlara normal baxmıram. Onlar "anormaldır", məntiqsizdirlər. Çünki sənin toya neçəyə getməyin kimə lazımdır? Qiyməti yüksək söyləməklə kim olacaqsan? Tamaşaçı səndən ağıllıdır, nə demək istəyirsən ki?”.

Müğənni indi sənətə gəlməyin asanlaşdığını da bildirib:

“Biz hər gün imtahan verirdik: biri muğam, biri estrada oxutdururdu. İndi o hallar hanı? Hərənin yanında köməkçisi. Gəlib disk qoyur, oxuyur, gedirlər”.