“Kimə “hə”, kimə “yox” imzasını mən atıram”

“Kimə “hə”, kimə “yox” imzasını mən atıram”
1397 dəfə oxunub
  • A-
  • A
  • A+

Nadir Qafarzadə ötən həftə maqazin proqramlarının bir neçəsində “Qrand Müstəqil Milli-İctimai Mükafatı”nı çox dəyərsiz, pulla satılan mükafat adlandırıb.

Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə Quliyeva həmkarı Nadir Qafarzadənin səsləndirdiyi ittihamlara cavab verib.

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun aləmində Nadir Qafarzadə bu gün gündəmdə olan, çox sevilən, istedadlı müğənnidir və onun xətrini dünyalar qədər istəyir:

“10 ildir ki, bu mükafat sənət nümayəndələrinə təqdim olunur. Son 2 ildə isə Mədəniyyət və Turizm Nazirliyi və hörmətli nazirimiz Əbülfəs Qarayev tərəfindən təsis olunur. Mən bu mükafatın qurum sədriyəm. Sahiblərim isə Rusiyada biznes sahəsində yetərincə uğur və nailiyyət qazanmış Valeri və Vadim İlişayev qardaşlarıdır. Mənim qarşıma hazır siyahı qoyulur. Kimə “hə”, kimə “yox” imzasını mən atıram. Nadirin də bu mükafatı almağına çox şad olaram. Nadir ümumiyyətlə, çox mükafatlara layiqdir”.

Primadonna onu da əlavə edib ki, bu mükafat bizə çox doğma olan qardaş ölkə Türkiyənin də sənət nümayəndələrinə təqdim olunur:

“Nadir bildirib ki, həmin türk sənətçiləri bu mükafatı alırlar, geri dönəndə isə hava limanında zibil qabına atıb gedirlər. Mən deməzdim ki, türk sənətçiləri bu mükafat üçün o qədər yol qət edib gələndən sonra gedəndə hansısa zibil qabına atalar. Bu, etikadan kənar, xoşagəlməz söhbətdir. Bəli, əvvəl evin içi, sonra kənarı. Nadirin adı bu siyahıda mənə təqdim olunsa, mən buna, əlbəttə ki, sevinərəm. Nadir deyir ki, mükafat pulla satılır. Əgər onun belə bir dəqiq informasiyası varsa, bunu mütləq açıqlasın. Biz bunu müzakirə edək, araşdıraq. Baxmayaraq ki, mən buna inanmıram. Bu 10 il ərzində “Qrand” mükafatında belə bir addımın atılacağını ağlıma gətirmirəm. Çünki bu mükafatın sahibləri sənətə, mədəniyyətə dəyər verən insanlardır”.

İ.Quliyeva maraqlı bir məqama da toxunub:

“Qrand” mükafatı adı siyahıda olmayan bir neçə adama təqdim olunub. Mən həmin şəxslərin adlarına imza atmamışam, lakin onlar diplom alıb. “Qrand” mükafatı ilə bağlı Nadir kimisə suçlayırsa, mən istərdim ki, öz dəqiq şərtsiz, böhtansız açıqlamasını versin ki, kimlər mükafatı pulla alıb”.

İlhamə xanım onu da əlavə edib ki, gələn il mükafatın təqdimatı xarici ölkələrdən birində keçiriləcək:

“Ölkənin adını hələ ki, açıqlamaq istəmirəm. Amma xarici ölkələrin birindən bizə dəvət gəlib və biz də bu dəvəti dəyərləndirəcəyik. Layiqli olan ifaçıları yenə də mükafatlandıracağıq”.