"İlhamə Quliyevanın şantaj və hədələrini pisləyirəm"

"İlhamə Quliyevanın şantaj və hədələrini pisləyirəm"
1518 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Bəxtiyar Sadıqov deputat həmkarı Çingiz Qənizadənin müdafiəsinə qalxdığını bildirib.

Axşam.az-ın Publika.Az-a istinadən məlumatına görə, Bəxtiyar Sadıqov bildirib ki, “Çingiz Qənizadə Azərbaycan qanunlarının incəliklərinə qədər bilən çox yüksək səviyyəli peşəkar hüquqşünas və ləyaqətli Azərbaycan vətəndaşı, eyni zamanda, Azərbaycan milli dəyərlərinə hörmətlə yanaşan millət vəkilidir. Mən bir deputat həmkarım kimi onun fikirlərinə hörmətlə yanaşıram. Çingiz Qənizadə müğənnilərlə bağlı mentalitetimizə uyğun səviyyədə fikirlərini səsləndirdi. Tələb də bu oldu ki, Azərbaycan qadınlarına yaraşmayan bu hərəkətlərə son qoyulsun. Bəli, o insanlar özlərini görmür, bir-birlərinin mənəviyyatımıza zidd olan ədəbsiz şəkillərini yayırlar. Çünki bu cəmiyyətin dəyərlərinə hörmət etmirlər. Mən hesab edirəm ki, Azərbaycanın xalq artisti adını daşıyan o insanlar bu şərəfli adı qoruya bilmədikləri üçün bu fəxri adlardan məhrum edilməlidirlər. Bu bir dərs olmalıdır ki, müğənniyə xalq artisti adı yalnız səsə və boğaza görə verilmir, həm də mənəviyyata görə verilir. Mən mənəviyyatımız naminə Çingiz Qənizadənin bu çıxışını qiymətləndirirəm və ona qarşı olunan bu şantaj və hədələri pisləyirəm”.

Qeyd edək ki, İlhamə Quliyeva "Qafqazinfo"ya açıqlamasında Çingiz Qənizadəni hədələyib:

“Əgər Çingiz Qənizadə bir də mənim şərəf və ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəyəm ki, bu barədə ölçü götürsün. O ağlını başına yığsın, öz işi ilə məşğul olsun”.