“Arşın mal alan” tamaşası nümayiş olunub

“Arşın mal alan” tamaşası nümayiş olunub
238 dəfə oxunub
  • A-
  • A
  • A+
Milli Teatr Günündə Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri nümayiş olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı Vəfa Mühacirova çıxış edib. Çıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V.Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb.
 
Teatrda həmin gün “Arşın mal alan” tamaşasının nümayişi heç də təsadüfi deyil. Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə məhz böyük Üzeyir Hacıbəylinin hazırda da cari repertuarda olan “Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub.
“Arşın mal alan” əsəri 2009-cu ildə Elvin Mirzəyev tərəfindən səhnələşdirilib və 2010-cu ilin noyabrına qədər repertuarda özünəməxsus yer tutub.

Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. 2010-cu ildə teatrın binası təmirə bağlanandan sonra “Arşın mal alan”ın nümayişi dayandırılmışdı.

Tamaşada rolları əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa ediblər.