“Maqazin Klubu” olaraq gündəm mövzularını müzakirə etmək üçün bir araya gəldik. Mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan mövzuya Fərda Xudaverdiyevin “Selfinaz 2” şousunda jurnalistlərin içəri buraxılmaması və aktyorun məkana içkili gəlməsi ilə başladıq.

“KAMERALAR QARŞISINDA SÖYÜŞ SÖYMƏK HÖRMƏTSİZLİKDİR”

Elvin:
- Orada anlaşılmazlıq olub. Fərda da jurnalistlərlə söhbəti zamanı afişadakı +18 sözünü izah etmək üçün söyüşdən istifadə edib.

Zəhra:
- İstənilən halda kameraların və diktofonların açıq olduğu bir yerdə söyüş söymək doğru deyil.

Pərviz:
- Başa düşmürəm, Fərda niyə bu qədər ehtiyatsız davransın ki? Bu nəticəyə gəlmək olar ki, həqiqətən də, içkili olub.

Elvin:
- Fərda indiki medianı 5 il əvvəlki vaxtları ilə səhv salıb. Elə bilib yenə xəbər razılaşdırılma yolu ilə yazılacaq. İçki məsələsinə gəlincə, sənətçilərin əksəriyyəti səhnədən əvvəl içki içir.

Pərviz:
- Bir az viski, konyak stressi azaltmaq üçün ola bilər, amma sərxoş olacaq vəziyyətə çatdırmaq tamaşaçıya hörmətsizlikdir. İndi dəqiq bilmirəm, orada hansı dərəcədə olub.

Zəhra:
- Fərda konserti haqqında xəbər yazılması üçün xahiş etdi, bir neçə dəfə yazdıq. Amma qarşılığında jurnalistləri, fotoqrafları içəriyə buraxmamaq məsuliyyətsizlikdir.

“FƏRDA CİDDİ SƏNƏT ADAMI DEYİL”

Pərviz:
- Bu, Fərdadan asılı olmaya da bilər, amma təşkilatçılara bu barədə tapşırıq verə bilərdi. Röyanın konsertində də eyni şey yaşanmışdı. O zaman da bu, Röyanın günahı deyildi. Müğənni oturub elə şeylərlə maraqlanmamalıdır. Amma çıxıb özünü müdafiə də etməməlidir. Bu, sənətçilərin komandasının səhvidir. Azərbaycan kimi şou-biznesin sistemləşməmiş olduğu ölkədə isə sənətçi bundan narahat olmalıdır.

Zəhra:
- Fərda həmin gecə konsertdə olanları yazdıqdan sonra zəng vurub dedi ki, “dost sayt olaraq sizdən incidim”. O zaman dost sayta qarşı diqqətli davranıb fotoqrafın çöldə qalmasına göz yummamalı idi. Medianı çölə çıxarıb “Gedin, bilet alın, gəlin” demək hörmətsizlikdir. Biz təşkilatçını tanımırıq, hansısa Türkiyədə oturub konserti təşkil edən şirkəti də tanımırıq. Xəbəri Fərdaya görə yazırıq, ora da Fərdaya görə fotoqraf göndərmişik. Hamı konsertə Fərdaya görə gedib.

Elvin:
- Məsələdə boşluqlar var. Ola bilsin medianı içəri buraxmayıblar ki, “stand-up”dan hansısa görüntü yayılmasın. Amma sonra təşkilatçının “Gedin, bilet alın” deməsi bir-birini təkzib edir.

Zəhra:
- Görüntünün yayılmamasının lazım olduğu konsertlərdə hətta medianın 3-5 dəqiqəlik içəri girərək çəkiliş etmək hüququ var. Mediaya “Bilet alın” demələri də yəqin zalı doldurmaq üçün imiş. Konsertdə onsuz da zal dolmamışdı. Maraqlıdır ki, Fərda bizdən üzr istədikdən sonra sosial mediada istifadəçisi də az olan bir səhifə vasitəsilə yazılanları yalan adlandırır.

“ELEMENTAR SAVADI OLMAYANLAR BÜTÜN GÜNÜ SƏHNƏDƏ, TELEVİZİYADADIR”

Pərviz:
- Gülməli situasiyadır. Üzr istədiyin bir şeyi daha sonra niyə təkzib edirsən ki? Ümumiyyətlə, Fərdanı ciddi sənət nümayəndəsi kimi görmürəm. Hazırda səhnədə və ekranda olan aktyor və aktrisaların məntiqsiz hərəkətləri adiləşib. Elementar savadları olmayan adamlar göz yormaqla məşğuldur. Saytlardan birində çox sadə suallardan ibarət bir rubrikada Fərda, Vəfa Zeynalovanın gülməli cavabları da hələ gündəmdədir. Təəccübləndiyim məqam o oldu ki, nisbətən təcrübəli aktyor və aktrisalar da onların savadsızlığına haqq qazandırdı ki, sənətçi onları bilməsə də olar, əsas istedaddır. Bütün günü jurnalistləri tənqid edirlər, amma öz sənətlərinə dair adi şeyləri bilmirlər. Tarkovskini bilmək təkcə savad üçün deyil, həm də səhnədə oynamağın üçün də vacibdir. Təsəvvür edin ki, məşhur bir jurnalist Həsən bəy Zərdabini tanımır.

Elvin:
- Bir vətəndaş, ali təhsilli bir insan kimi necə Məhəmməd Əmin Rəsulzadənin əsərini bilməmək olar?

Zəhra:
- Beşinci sinif uşağının da bildiyi Səfəvilər dövlətini tanımır. Dəhşətli situasiyadır.

Elvin:
- Amma jurnalistlərə qarşı qıcıq, yerli-yersiz ittiham səsləndirməkdə ustadırlar.

“LİBASI İLƏ GÜNDƏMƏ GƏLƏNƏ KİMİ O APARICINI TANIMIRDIM”

Pərviz:
- Çünki medianı tənqid etmək asandır. Nə olursa, yıxırlar medianın boynuna. Özünün mediada olduğunu deyən yüzlərlə adam ola bilər, amma deyillər. Bu adını çəkdiyimiz aktyor və aktrisalar isə bütün günü teatrda, səhnədə, konsertdə, televiziyadadırlar. Onlar savadsız olmamalıdırlar.

Zəhra:
- Vəfa Zeynalovanın adicə sualları bilməməsi medianın günahı deyil ki... Amma yenə də medianı qınadılar bu məsələdə...

Bir müddət əvvəl isə Fizzə adlı aparıcı tədbirlərdən birində fərqli geyimi ilə medianın diqqətini çəkib və saytlar bunu işıqlandırandan sonra aparıcı jurnalistika dərsi keçən statuslar yazmağa başlayıb.

Elvin:
- Ümumiyyətlə, Fizzə adlı aparıcını tanımıram. Tədbirdə geyimi diqqətimi çəkdi, soruşdum, sonra saytda işıqlandırdım. Filmin qala-gecəsi haqqında məlumat verdim, sonra da geyimlər haqda. Yazdılar ki, “Film qaldı bir tərəfə”. Bunlar o qədər dünya mediasından xəbərsizdilər ki, bilmirlər ki, mediada qala-gecələrdə birinci geyimlər haqda xəbərlər verilir, müzakirə edilir. Əslində, bu da filmin piarıdır. Pərvin Abıyevanın paltarı cırıldısa, bu da xəbərdir. Fizzənin paltarı haqda bir-iki cümlə yazmışdım, sərt bir şey də yox idi.

“NƏ QƏDƏR Kİ, PƏRVİN KİMİ AKTRİSA VAR, AZƏRBAYCAN KİNOSU İNKİŞAF ETMƏYƏCƏK”

Pərviz:
- “Oskar” kimi mərasimdə hətta ən çox müzakirə edilən geyimlərdir. Niyə bu qədər kiçik düşünürlər? O geyim medianın diqqətini çəkmək, xəbər olmaq üçün deyildisə, niyə əndrabadi formada idi? Etirazları da sünidir.

Zəhra:
- Pərvin Abıyeva paltarının cırılması haqda xəbərlərə etiraz olaraq “Nə qədər ki, belə media var, biz inkişaf etməyəcəyik. Sənətimdən yazmaqdansa, paltarımdan danışırsız” kimi sözlər yazmışdı. Amma bir az açıq-saçıq geyinəndə tənqidlərə cavab olaraq hər dəfə “Bir az dünya ulduzlarına baxın, nələr geyinirlər” deyirlər. Deməli, hər situasiyadan özlərini haqlı çıxarmağa çalışırlar.

Elvin:
- Pərvin Abıyevanın hansı sənətindən danışaq? Nə qədər ki, Pərvin kimi aktrisa var, Azərbaycan kinosu da inkişaf etməyəcək.

“YALANDAN AÇIQ-SAÇIQ GEYİNİR, AYAQLARINI ÇÖLDƏ QOYURLAR”

Pərviz:
- Son zamanlar nə qədər filmə çəkilib, bir mövsümdə çəkilən filmlərin əksərində var, amma biri də yaddaqalan, illər sonra müzakirə ediləcək səviyyədə deyil.

Zəhra:
- Əslində, bütün bu aktrisalar geyimlərini qala gecələrdə yalandan açıq-saçıq, ya da fərqli geyinirlər, ayaqlarını çöldə qoyurlar ki, diqqət çəksinlər.

Elvin:
- “Xənnas” filminə baxanların əksəriyyəti deyir ki, film yaxşıdır, amma Pərvin sünidir...

“BİZDƏ PAPARASSİLƏR OLSA, GÖRÜNƏR KİM GECƏ HARADAN KİMLƏ ÇIXIR”

Zəhra:
- Keçən dəfə “Bu şəhərdə”nin Rafael İsgəndərovun avomobilinin fotolarını çəkmişik, bahalı nömrəsini də göstərmişik. Prodüserləri Müşviq Abbasov yazıb ki, “Nömrənin qiyməti 24 manatdır, bunu yaymaq qeyri-etikdir”. Əvvəla, o nömrənin hansı qiymətə olduğunu hamı bilir. Sənətçilər əmin olsunlar ki, jurnalistlər yazanda hansı məsələnin məhkəməlik olduğunu, hansı xəbərin qeyri-etik olduğunu çox yaxşı bilir. Qanunları da onlardan dəfələrlə yaxşı bilirik.

Pərviz:
- Onlar şükür etsinlər ki, bizdə paparassilər yoxdur. Türkiyədə bütün günü sənətçiləri paparassilər izləyir, hər addımını işıqlandırırlar. Sevgililərin xəyanətlərini üzə çıxarırlar. Bizdə belə paparassilik olsa, kim gecə hardan çıxır, üzə çıxsa, biabırçılıq olar.

Zəhra:
- Son zamanlar bəzi aparıcılar sosial mediada tənqidlərə cavab yazırlar. Amma baxırsan ki, həmin tənqidlərin özü yoxdur, hamısını siliblər.

Elvin:
- Şərhi silmələrinə normal baxıram. Amma o zaman hər tənqidə sərt cavab vermək doğru deyil. Sildiyin tənqidə niyə cavab yazırsan ki?

“EUROVİSİON 2017”- ZƏİF ŞOU VƏ MAHNILAR, BİABIRÇI GECƏ

“Eurovision 2017” də artıq geridə qaldı. Təmsilçimiz “Dihaj”, yəni Diana Hacıyeva “Skeletons” mahnısı ilə 14-cü yerdə qərarlaşdı. Sosial şəbəkələrdə təkcə azərbaycanlılar deyil, müsabiqənin müxtəlif ölkələrdən olan fanatları bunu ədalətsizlik adlandırdılar.

Pərviz:
- Bu il bizi təmsil edən Diana Hacıyeva çox istedadlıdır, canlı ifası əla idi, amma heç 14-cü yerə layiq deyildi. Bu, yenə də “Eurovision”un sənətdən uzaq bir yarışma olduğunu göstərir. Builki müsabiqə ən zəiflərdən idi. Yaddaqalan şou və çıxış, demək olar ki, yox idi. Finalın ən yaddaqalan məqamı ukraynalı jurnalistin səhnəyə çıxaraq soyunması oldu. Bu hadisə müsabiqə üçün böyük biabırçılıq idi.



Elvin:
- Bu il Diananın piarı zəif qurulmuşdu. Məsələn, Safuranın vaxtında çox yaxşı “promotion” var idi. Bu dəfə isə insanlar müsabiqə haqqında məlumatsız idilər.

Pərviz:
- Bunun əsas səbəblərindən biri, məncə Diananın azərbaycanca çətin danışa bilməsi və media ilə münasibətlərin qurulmaması, görüşlərin keçirilməməsi idi.

Zəhra:
- “Eurovision 2017” bu ilə kimi baxdığım ən maraqsız buraxılışı idi. Sanki Ukrayna özü də yarışmanı yola verdi. Heç müsabiqəyə qatılan ölkələrdə də həvəs görünmürdü. Əvvəlki illərdə "Eurovision" təmsilçilərindən tanıtım turu çərçivəsində ölkəmizə gələnlər də olurdu. Bizim təmsilçi Diana Hacıyevanın yetəri qədər musiqi savadı var. Gözəl ifaçıdır, amma bu müsabiqədə ona az səs verilməsi haqsızlıq idi. Bir çox ölkələr bizə heç 1 səs də vermədilər. Qalib olan ifaçının mahnısı isə mənalı olsa da, müsabiqəlik deyildi. Bu yaxınlarda oxudum ki, qalib ürək xəstəliyindən əziyyət çəkir. Əgər ürək transplantasiyası baş tutmasa, dünyasını dəyişəcək. Bu müsabiqə ona bir az stimul verər.

Elvin:
- Yarışma Azərbaycanda həm media, həm də tamaşaçı üçün maraqsız olub. Bəlkə də, artıq biz də yarışma qalibi olmuşuq, ona görədir. Onu deyim ki, bu il o qədər də hit olacaq mahnılar yoxdur. Elə birinci yerin sahibi olan Salvadorun da mahnısı yadda qalmayacaq. Portuqaliya ilk dəfə qalib oldu. Avropa o ölkəyə bir jest etdi. Səsvermədə hər şey dəyişdi. Gabannanı birinci görürdük, gerilədi. Avropa artıq keyfiyyətli musiqiyə qiymət verə bilmir. Salvador heç məşqlərə qatılmamışdı. Çünki xəstəliyi var. Bu isə onun üçün böyük avantaj oldu. Diana isə çox peşəkar ifaçıdır. Mahnısı isə ciddi bir əsər idi. O, ən azından top 5-likdə olmalı idi. Qeyd etdiyim kimi, sadəcə olaraq PR çox zəif idi.

İLİN ƏSAS TELEVİZİYA ŞOUSU BAŞLAYIR- MÜĞƏNNİLƏR “MAŞIN ŞOU”DAN NİYƏ QORXUR?

Elvin:
- Nəhayət ki, bir qədər televiziyanı canlandıracaq layihə başlayır. Düzdür, indi bu realiti şouda iştirak üçün müğənnilər çox qorxurlar. Hətta imtina edənlər də var. Əksəriyyəti deyir ki, orada reytinq üçün onların qarşısına şərtlər qoyurlar ki, sözün əsl mənasında savaşa çıxsınlar. Şou əhli də “ağrımasın başım” deyib kənara çəkilir. Artıq onlar cəmiyyətə düzgün təqdim edilməyəcəyindən qorxurlar. Təsəvvür edin ki, hətta efirlərə pulla çıxan bəzi sənətçilər realiti şoudan imtina edib.

Zəhra:
- “Maşın” realiti şousunun başlamasına sevindim. Efirlərdə hökm sürən sakitlik artıq tamaşaçını yorub. Bir az canlanma olacağına inanıram. Elvinin sözü ilə razıyam... Bizim müğənnilər nədənsə müsabiqədən çəkinirlər. Bəlkə də bu, sosial şəbəkədəki tənqidlərdən qorxduqları üçündür. Amma niyə bu qədər tənqidə qarşı komplekslidirlər, anlamıram. Axı siz müğənnisinizsə, tənqidi də qəbul etməlisiniz. Hamı sizi tərifləməlidir?

Pərviz:
- Azərbaycan televiziyasında 10 ildən çox müddətdə, fasilələrlə də olsa, hər dəfə səs-küy yarada bilən belə bir yarışma və ya proqram olmayıb. Təbii ki, şou üçün müəyyən şişirdilmiş məqamlar var, amma televiziyada bundan qaçmaq mümkün deyil. İştirakçıların siyahısı bəlli olmasa da, imtina edənlər barədə xəbərlər eşidirik. Şou Ramazan ayında gedəcək, bir qədər toyların da az olduğu vaxtdır. İmtina edənlər sadəcə o gərgin psixoloji vəziyyətə düşmək istəmirlər. Əvvəlki şoularda da şahidi olmuşuq, sənətçilərin heç tanımadığımız üzləri ortaya çıxır. Yaxşı, ya pis, ona tamaşaçı qərar verəcək.

Bu dəfəlik “Maqazin Klubu”nu yekunlaşdırırıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı:
Pərviz Sadıqov (Axşam.az)
Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)

İnstaqram: @maqazin_klubu