"Sən gəlməz oldun" və "Qarabağ şikəstəsi" İranda - videolar

"Sən gəlməz oldun" və "Qarabağ şikəstəsi" İranda - videolar
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 4-də Tehranın Vəhdət sarayında Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən, ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər, Tehran ictimaiyyətinin nümayəndələri, səfirlər və ziyalılar iştirak ediblər.

Mərasimdə əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirilib. Quran ayəsi və görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri səslənib. 

Ə.Qarayev çıxışında bildirib ki, ikitərəfli əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərir. Bu il Novruz bayramında 60 mindən çox İran vətəndaşı Azərbaycana qonaq gəlib.



Diqqətə çatdırılıb ki İranda Azərbaycan mədəniyyəti günləri 2010-cu ildə, Azərbaycanda isə İran mədəniyyəti günləri 2011-ci ilə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan mədəniyyət günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində də keçiriləcək. Tehranda Azərbaycan kinosu həftəsi, fotosərgi təşkil olunub, teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü olacaq.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlayan proqramda daha sonra Tofiq Bakıxanovun “İran-Azərbaycan dostluq marşı” səslənib.

Xalq artisti, vokalçı Samir Cəfərov, xanəndə, Naxçıvan MR-nin Əməkdar artisti Ehtiram Hüseynov, eləcə də əməkdar artistlər Mircavad Cəfərov (ud), Şirzad Fətəliyev (balaban), Sahib Paşazadə (tar), Çinarə Heydərova (kanon), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mübariz Əliyev (saz) və gənc estrada müğənnisi Fəxri Kazım Nicatın ifaları alqışlarla qarşılanıb.

Konsert proqramında Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Fikrət  Əmirovun “Kor ərəbin mahnısı”, Niyazinin “Qaytağı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Həsən Rzayevin “Çahargah”, Tofiq Quliyevin “Sənə də qalmaz” əsərləri, “Qarabağ” şikəstəsi və digər musiqilər səsləndirilib. Ən yaddaqalan məqamlardan biri Rauf Hacıyevin məşhur “Azərbaycan” mahnısının səslənməsi olub.

İranda Azərbaycan mədəniyyəti günləri iyulun 8-də başa çatacaq