“Qızım olduğu üçün demirəm, Aygün çox istedadlıdır"

“Qızım olduğu üçün demirəm, Aygün çox istedadlıdır"
4382 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bir ata və bir valideyn kimi qızımın Prezident İlham Əliyev tərəfindən  “Xalq artisti” fəxri adına layiq görülməsinə görə çox sevinirəm. Həddindən artıq sevincliyəm, qürurluyam. Belə bir nəcib addımına görə Prezidentə öz adımdan, ailəmin, qızımın adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm".

Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qızı, tanınmış bəstəkar Aygün Səmədzadənin Prezident İlham Əliyev tərəfindən  “Xalq artisti” fəxri adına layiq görülməsinə münasibət bildirərkən deyib.

Z.Səmədzadə qızı ilə yanaşı, onlarla digər sənətçinin fəxri adlara məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illik yubileyi ərəfəsində layiq görülməsinin ikiqat sevincli və əlamətdar olduğunu da sözlərinə əlavə edib:

“Qızım olduğu üçün demirəm, Aygünün yaradıcılığı çox zəngindir. Bu sənətdə çox əziyyətlər çəkib. Birinci sinifdən təhsilin digər pillələrinə qədər daim yüksəkliyə, zirvəyə doğru addımlayıb. Çox istedadlıdır, çox dəyərli bəstəkar-alimdir. Azərbaycan xalqı onun mahnılarını, əsərlərini daim böyük maraqla və həvəslə dinləyib. Mahnıları dillər əzbəridir.

Odur ki, onun zəhmətini, əməyini qiymətləndirdiyi üçün Prezidentə sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti daim Azərbaycan mədəniyyətinə böyük diqqət və qayğı göstərib. Buna görə də Azərbaycan dövlətinə və rəhbərinə təşəkkür edirəm.

Eyni zamanda, bu gün Aygünlə yanaşı, onlarla digər çox dəyərli sənətçilər də yüksək fəxri adlara layiq görülüb. Onları da təbrik edirəm. Özü də çox əlamətdar və sevindirici haldır ki, bu adlar  Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycan dövlətinin yüz illik yubileyi günlərində verildi. Bunun özü də çox böyük məna kəsb edir”.