Mədəniyyət Nazirliyi Almaniyada forumda təmsil olunur - Fotolar

Mədəniyyət Nazirliyi Almaniyada forumda təmsil olunur - Fotolar
819 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi 26-28 sentyabr tarixlərində Almaniyanın Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda təmsil olunur.

Nazirlikdən Axşam.az-a daxil olan məlumata görə, forumda nazirliyin xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.

2018-ci ilin Beynəlxalq Məşvərət Forumunda əsas müzakirələr “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında aparılır.

Tədbirin açılışında Görlitz şəhərinin meri Slegfried Deinege çıxış edərək mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib və builki Forumun məhz rəhbərlik etdiyi şəhərdə keçirildiyi üçün məmnunluğunu ifadə edib. Daha sonra bildirib ki, Görlitz şəhərinin yalnız Avropa Şurası çərçivəsində deyil, digər beynəlxalq təşkilatların layihələri əsasında fəaliyyət göstərən mədəni marşrutlarda təmsil olunması həm şəhərin tanıdılması, həm də əcnəbi qonaqların mütəmadi səfərlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova adıçəkilən forumda ölkəmizin ilk dəfə təmsil olunduğunu nəzərə alaraq, ilk növbədə tədbir iştirakçılarına son illər beynəlxalq mədəni marşrutlar çərçivəsində Azərbaycan tərəfinin gördüyü işlər barədə ətraflı məlumat verib. Mədəniyyət Nazirliyi olaraq, ənənəvi marşrutlarla yanaşı Avropa Şurasının “Zeytun Yolları” kimi yeni inkişaf edən layihələrdə də iştirakın vacibliyi vurğulanıb.

Qeyd edək ki, Forumun ikinci günündə nazirliyin nümayəndəsi tərəfindən Azərbaycanın Avropa Şurası çərçivəsində növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaq.