Tahir Salahovun əsərləri bu siyahıda birincidir

Tahir Salahovun əsərləri bu siyahıda birincidir
509 dəfə oxunub
  • A-
  • A
  • A+

TASS Agentliyi mayın 26-dan 31-dək Moskvanın Mərkəzi Manejində keçiriləcək Beynəlxalq ”Ənənələr və müasirlik” X Təsviri İncəsənət Festivalının 15 ən maraqlı eksponatını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu siyahıda birinci yeri Azərbaycan və Rusiya rəngkarlığının klassiki, böyük Azərbaycan rəssamı Tahir Salahovun əsərləri tutur. Sərgidə onun yeni qrafika əsərləri və bənzərsiz eskizləri əsasında əllə toxunan xalçalar təqdim ediləcək.

TASS-ın qeyd etdiyi kimi, “ən maraqlıların” reytinqinə daxil olan ikinci Azərbaycan rəssamı Sakit Məmmədovun əsərləri dünyanın ən iri rəsm qalereyalarında və şəxsi kolleksiyalarında saxlanılır. Agentliyin materialında deyilir: “Onun 2016-cı ilin baharında Londonda keçirilən son sərgisi art-tənqidçilər arasında böyük müvəffəqiyyət qazanıb. Rəssamın özü isə Ülyahəzrət Kraliçə II Elizabetə təqdim olunub”.

Reytinq siyahısına Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin, məşhur anqolalı arxitektor və rəssam Juliu Kuarejmanın, buryatiyalı heykəltəraş Daşa Namdakovanın, keramika ustası Vladimir Kovalyovun, akvarelçi Andrey Yesionovun, Çin rəssamı Arlinda Frotanın, portuqaliyalı heykəltəraş Moizeş Pretu Paulunun, italyan Franko Polikastronun, braziliyalı Renatu Rodineranın əsərləri, habelə “Mamontovlar qalereyası”, ”Ricina Qalereyası”, “New old art gallery” и “Artstory” qalereyaları daxil olub.

“Ənənələr və müasirlik” sərgisində dünyanın 30-dan çox ölkəsindən 300-dən çox iştirakçının əsərləri təqdim olunacaq. Festivalın əsas ideyası rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət sahəsində dünya incəsənətinin bütün palitrasını əks etdirmək, müasir mədəniyyətin bütün meyil və istiqamətlərini bir sərgi məkanında toplamaqdır.(Azertac)