Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi - fotolar

Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi -  fotolar
1990 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəxri xiyabanda xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Habil Əliyevlə bağlı xatirələrini bölüşüb. O, sənətkarın əlamətdar bir gündə – mayın 28-də anadan olduğunu və ömrü boyu ölkəmizin istiqlal dəyərlərinə xidmət etdiyini vurğulayıb.

Millət vəkili diqqətə çatdırıb ki, kamança ifaçısı virtuoz ifaçılığı ilə yanaşı, həm də gözəl mahnıların müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Sonra sənətkarın oğlu Rəvan Habiloğlu və nəticəsi Habil tərəfindən abidənin üzərindəki örtük götürülüb. Qəbirüstü abidənin müəllifi tanınmış heykəltəraş Natiq Əliyevdir.

Xalq şairi Nəriman Həsənzadə bu abidədə kamançanın da yer almasını yüksək qiymətləndirib.

Kamança ustadının ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev Habil Əliyevin yoxluğunun xalq, sənət, musiqi dünyası üçün böyük itki olduğunu söyləyib.

H.Əliyev 2015-ci il sentyabrın 8-də, 89 yaşında vəfat edib.