Asim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı sərgisi

Asim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı sərgisi
404 dəfə oxunub
  • A-
  • A
  • A+

Bazar ertəsi istisna olmaqla hər gün saat 11:00-dan 21.00-dək. Biletin qiyməti: 5 AZN. Tələbələr üçün: 2 AZN

Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Asim Rəsuloğlunun fərdi sərgisi açılacaq. Muzeydən verilən məlumata görə, “Mənim dünyaya baxışım” adlı sərgidə rəssamın 30-dək rəngkarlıq əsəri nümayiş olunacaq.

Asim Rəsuloğlu 1955–ci ildə Şəki şəhərində anadan olub. 1971–1975–ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. O, Belarus Dövlət Dramaturgiya İnstitutunun teatr və incəsənət fakültəsində monumental rəngkarlıq ixtisası üzrə bitirib. O, 1978-ci ildən etibarən müxtəlif sərgilərin iştirakçısı olub, 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.

Asim Rəsuloğlu hazırda Türkiyədə Antalya Universitetində müəllim kimi fəaliyyət göstərir. Yaradıcı insanın dünyası dəyişən fantaziya və hisslərlə zəngindir. Rəssamın əsas məqsədini təsvirlərdə rənglərin və xətlərin vəhdəti, ümumi formanın uyğunluğunun axtarışı təşkil edir. Sənətkar bəzən tamaşaçını çaşqınlığa salmaq yolu ilə inandırır ki, bu harmoniya məhz sevməyin, nifrət etməyin vasitəsidir. İncəsənət rəssam üçün sonsuz, daimi axtarışlar deməkdir. Müəllif elə hesab edir ki, əsərin adı böyük əhəmiyyət daşımır. Bu sadəcə bəhanə rolunu oynayır. İncəsənət sonu görünməyən həyatdır. Öz həyatında rəssam daim çətin yollar seçir, çünki çətinliklərlə keçilən yol tam başqa gözəlliyi aşkara çıxarır. Rəssamın əsərlərindəki rənglərin müxtəlifliyi bizə təsvirin məzmununu təhlil etməyə imkan yaradır. Rənglərin müxtəlifliyi rəssamın qəlbinə, onun dünyasına açılan pəncərədir. Ədəbiyyatda sözlər səslənir, rəsm əsərlərində isə rənglər.

Asim Rəsuloğlunun Yaponiya, Rusiya, ABŞ, Danimarka və Türkiyədə fərdi sərgiləri keçirilib. O, çox sayda qrup sərgilərinin də iştirakçısı olub. Əsərləri bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, Müasir İncəsənət Muzeyində Asim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi fevralın 21-dən başlayaraq martın 5-dək davam edəcək.