Röya ilə jurnalist arasında yeni qalmaqal - "Bunu yazanı boğacağam"

Röya ilə jurnalist arasında yeni qalmaqal -  "Bunu yazanı boğacağam"
8468 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxanın sosial şəbəkədə paylaşdığı foto yeni qalmaqalın təməlini qoyub.

Axşam.az xəbər verir ki, sənətçi idmançı görünüşlü kişi və qadın şəklini səhifəsinə yerləşdirərək həmkarı, əməkdar artist Abbas Bağırova müraciət edib:

"Abulya, deyirəm, gəl ikimiz məşq edib "boyavik" klip çəkdirək".

Publika.az saytı isə Röyanın bu sözlərlə bir müddət öncə idmançı Ceyhun Vəliyevlə məşq zamanı fotosessiya etdirən xalq artisti Aygün Kazımovaya atmaca atdığını iddia edib.

Bununla bağlı portalda "Dilini dinc qoymayan Röya yenidən Aygün Kazımovaya sataşdı" başlıqlı yazı hazırlanıb.

Röya isə buna cavab olaraq İnstaqramdakı hesabından sərt fikirlər paylaşıb. O, media orqanı və onun müxbirini təhdid edib. Sənətçi bildirib ki, yazını İsa Şükürov adlı jurnalist  yazıb. O, həmin müxbiri sosial şəbəkədə təhqir edib.  Röyanın fikirlərini ixtisarla təqdim edirik:

"Bu məqaləni yazan siçovul, sənə səslənirəm. Röya sataşmır, tutur və üzünə tüpürür. Necə ki, sənə tüpürəcəm. Öz dostumuzla zarafat etməyək ki, birdən yozarlar? Paylaşdığım foto Abbasa görə idi. Çünki bizlə yeməyə getmir, hər dəfə “idmandayam” deyir. Ona sataşırdım. Mən dilimi dinc qoysam, sənin acından dişin tökülər, ay kenqurular, yazanda bilin nə yazırsınız. Camaat oxuyur və elə bilir işimiz-gücümüz yoxdur, bir-birimizə baxırıq. Bunu yazan soxulcanı isə boğacağam.

Bu oğlan yadınızdadır? Bir dəfə belə qələt etmişdi, sən demə bu yazını da o yazıb. Ay bala, səni işdən də bayıra atdılar. Sakitləşmədin? Gərək gecənin bir yarısı səni küçədə telefona çəkim?".

Müğənni bir qədər keçdikdən sonra bununla bağlı paylaşımlarını öz hesabından silib.

Qeyd edək ki, bu, İsa Şükürovla Röya arasında ilk qalmaqal deyil. Belə ki, bir müddət öncə ANS telekanalında çalışan jurnalist müğənnini hədəfə alan süjet hazırlamışdı. Bu süjetdən bir qədər sonra onun telekanalla yolları ayrılıb. İ.Şükürov Aygün Kazımovaya xüsusi rəğbəti ilə seçilir və müğənninin qızı İlqarə Kazımovanın mətbuat katibliyi ilə məşğuldur.

Məsələyə Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik) də münasibət bildirib. O, deyib ki, xalq artisti ilə Röya arasında heç bir münaqişə yoxdur:

“Bu bəzi saytlara deyirəm ki, kaş Aygün Kazımova haqda heç nə yazmayaydılar. Çox sevinərəm. Burdan Aygün Kazımovanın prodüseri kimi demək istəyirəm ki, mənim işlədiyim müğənnilər haqda bacardığınız qədər yazmayın. Röya səhifəsində şəkil paylaşıb, Abbasa sataşıb. Amma sizin dar düşüncələriniz gətirib ona çıxarır ki, Röya Aygünə sataşır. Bu heç də belə deyil. Röya iki ay əvvəl bir söz işlətmişdi ki, şou-biznesin bir kraliçası, bir də şahzadəsi var. Biri mənəm, biri Aygün. Fanatlardan xahiş edirəm ki, boş-boş yazmayın. Sizə qalmaqal lazımdır. Amma Aygünlə Röyaya bu lazım deyil. Hərə öz həyatını yaşayır, uğurun düşünür. Belə də ki, Azərbaycanda Aygün və Röyanın yanında dayanacaq üçüncü ad yoxdur. Rahatlaşın”.

Xatırladaq ki, bir müddət öncə Röya ilə bağlı daha bir qalmaqal yaşanmışdı. Belə ki, sənətçi İnstaqram səhifəsində Elnur adlı şəxs tərəfindən söyüldüyünü əsas gətirərək polisə müraciət edərək onu tapmışdı.

Daha sonra Röya həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. İfaçı Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurmuşdu. Röya məlum davranışına görə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalmışdı.