“Televiziyaya senzuranı qaytarardım” - Brilliant Dadaşova

“Televiziyaya senzuranı qaytarardım” -  Brilliant Dadaşova
1650 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq Artisti Brilliant Dadaşova 2019-cu ilin onun üçün düşərli olduğunu bildirib.

Axşam.az Media.Az-a istinadən xəbər verir ki, B.Dadaşova ötən ilin uğurlarından dostları ilə ünsiyyəti, həmçinin, dinləyiciləri tərəfindən böyük maraqla qarşılanan “Tet-a-tet” mahnısını və klipini misal göstərib.

2020-ci illə bağlı planlarından danışarkən isə o, Heydər Əliyev Sarayında solo konsert vermə təklifi aldığını bildirib:

“Razılaşdım. Klassik estrada bəstəkarlarımızın musiqilərinin yenidən səslənməsini istəyirəm”.

Şəxsi planlarına gəlincə, Xalq Artisti oğlunu evləndirmək istədiyini deyib.

Brilliant xanım qarşıdakı beş il üçün qarşıya qoyulan və arzulanan hədəflər arasında mükafat almanın olub-olmaması barədə sualı cavablandırarkən, bunun onun üçün o qədər də önəmli olmadığını, başqa dəyərlərin əsas olduğunu vurğulayıb:

“Əlbəttə, çox qürur duyuram ki, Sovet hakimiyyətinin süqutundan sonra Heydər Əliyevin özü mənə ilk olaraq “Əməkdar artist” adını verdi. Bir müddət sonra isə Prezident İlham Əliyev mənə “Xalq artisti” fəxri adını verdi. Bu, musiqiçinin yaradıcılığına ən böyük diqqətdir. Məqsədlərə gəlincə, məqsədim həmişə peşəkar musiqi yaratmaq olub”.

Peşəkar müğənni günümüzdə musiqi zövqünün getdikcə dəyişməsindən də narahatlığını ifadə edib:

“Təəssüf ki, belə bir tempdə tezliklə Tofiq Quliyev, Ramiz Mirişli, Səid Rüstəmov, Emin Sabitoğlu və başqalarının üslubunu unudacağıq”.

Sənətçi şou-sənayedə dəyişiklik kimi Azərbaycan Estrada Musiqisi Məktəbini yaratmaq istəyini dilə gətirib:

Sovet dövründə olduğu kimi, televiziyada senzuranı da geri qaytarardım. O zaman hətta bölgələrdə də insanlar Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Mirzə bəyin və digər peşəkarların musiqilərinə qulaq asırdılar”.

“Təəssüf ki, Sovet rejiminin süqutundan, azadlıq qazandıqdan və kiminsə müstəmləkəsi olmağı dayandırdıqdan sonra musiqimiz dəyişdi. Nə gürcülərdə, nə də digər qonşu dövlətlərdə belə dəyişikliklər olmadı”, - deyə o fikirlərini yekunlaşdırıb.