Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Tacikistanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Anar Kərimov Azərbaycan və Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, hər iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etməsi və genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə ölkələr arasında mədəni əməkdaşlığa nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə birgə fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, müvafiq sahədə təhsil müəssisələri ilə tələbə mübadiləsinin reallaşdırılması, habelə gələcəkdə bu sahədə əlaqələrin inkişafına töhfə verə biləcək, hər iki xalqın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rustam Soli ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini, münasibətlərin yüksək səviyyədə olduğunu və müvəffəqiyyətlə inkişaf etdiyini ifadə edib.

Anar Kərimov həmçinin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətdiyini, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutduğunu, nəticədə dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğunu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyini diplomatın diqqətinə çatdırıb.

Həmçinin, Ermənistanın işğal altında saxladığı müdətdə əzəli yurd yerimizdə xalqımızın zəngin mədəni irsini talan etdiyini, tarixini saxtalaşdıraraq mənimsədiyini, tarixi abidələrini dağıtdığını və işğaldan azad olunan ərazilərdə bu kimi faktların üzə çıxdığını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini bildirərək, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada və baza prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini və bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulayıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 
 
 
 
 


                 

Xəbər lenti