İftar süfrəniz üçün dadlı reseptlər

İftar süfrəniz üçün dadlı reseptlər
1915 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:

Çığırtmalı lobya plov

Ərzaqlar:
Düyü - 0,5 kq.
Quru lobya - 150 qr.
Lavaş - 2 ədəd
Yağ - 150 qr.
Üstü üçün:
Toyuq - 1 ədəd
Zoğal - 100 qr.
Soğan - 0,5 kq.
Yağ - 200 qr.

Hazırlanması:
Axşamdan lobyanı yuyub, soyuq suda isladıb, soyuducuda saxla. Səhəri bir az yumuşalana qədər bişir. Düyünü yuyub, qaynayan suya tök. Bişənə yaxın lobyanı əlavə et, sonra düyünü dəmə qoy. Kənarda toyuğu soğanla qovur. Üzərinə duz, istiot və zoğal əlavə edib, ət yumuşalana qədər vam odda saxla. Düyü dəm aldıqdan sonra boşqaba çəkib, üzərinə qovurmadan əlavə et.

Souslu balıq

Ərzaq:
Balıq əti - 1 kq.
Sirkə - ½ stəkan
Sarımsaq - 5 - 6 diş
Bir limonun şirəsi
Duz zövqə görə

Sous üçün:
Doğranmış soğan - 200 qr.
Doğranmış pomidor - 200 qr.
Xırda doğranmış göyərti - 2 dəstə
Zeytun yağı - ½ stəkan
Sirkə - ½ stəkan
Duz zövqə görə

Hazırlanması:
Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın. Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.

"Göyərtili börek"

Ərzaq:
Hazır lavaş - 5 ədəd
Yumurta sarısı - 1 ədəd
Mayonez - 1 kasa
Duru yağ - 2 x/q.
Pendir - 50 qr.
Zoğal turşu - 3 x/q.
Keşniş, şüyüd, kəvər və turşəng
Duz, istiot zövqə görə

Hazırlanması:
Göyərtiləri təmizləyib, xırda doğrayın. Lavaşı tavaya qoyub, üzərinə yağ qatılmış mayonez sürtün. Doğranmış göyərtinin bir hissəsini lavaşın üstünə töküb, üzərinə bir az turşu, ovulmuş pendir, duz və istiot səpin. Sonra üstünə digər lavaşı qoyub, prosesi yenidən təkrarlayın. Sonuncu lavaşın üzərinə yumurta sarısı çəkib, sobada bişirin.