Parisdə Luvr muzeyində italiyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” əsərinə hücum edilib.
Axşam.az xəbər verir ki, hadisə naməlum ziyarətçi tərəfindən törədilib. Parik taxan və əlil arabasında əyləşən şəxs əvvəlcə stəkanı sındırmağa çalışıb, sonra isə şəklə tort atıb və ətrafa qızılgül ləçəkləri səpib. Şahidlərin sözlərinə görə, şəxs bunu "planetin naminə" etdiyini qışqırıb.
Muzey əməkdaşlarının sözlərinə görə, “Mona Liza”ya heç bir ziyan dəyməyib.
Qeyd edək ki, əsərin dəyəri təxminən 1 milyard dollardır.
O əvvəllər də bir neçə dəfə hücuma məruz qalıb - tabloya daşlar atılıb, üstünə sulfat turşusu tökülüb. 1974-cü ildə Yaponiyada keçirilən sərgidə bir qadın rəsmdən narazı olduğunu bildirərək rəsmin üzərinə qırmızı boya atmağa çalışıb. 2009-cu ildə isə rusiyalı qadın tabloya bir fincan çay atıb.