"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask təsisçisi olduğu "Neuralink"in direktoru Şivon Zilisdən əkiz övladlarının dünyaya gəlməsi ilə bağlı çıxan xəbərlərə ilk dəfə münasibət bildirib.
Axşam.az xəbər verir ki, milyarder bu barədə instaqram hesabında yazıb. Mask bildirib ki, o, bu yolla bəşəriyyətin əhalisinin azalması ilə mübarizə aparır:
"Doğuş nisbətinin aşağı düşməsi sivilizasiyanın indiyədək üzləşdiyi ən böyük təhlükədir. Dünya əhalisinin azalması böhranı ilə mübarizə aparmaq üçün əlimdən gələni edirəm".
Mask “PageSix”ə verdiyi müsahibədə daha çox varis istədiyini vurğulayıb. O, vaxt ayıra və yaxşı ata ola biləcəyi qədər uşaq sahibi olacağını deyib.
Milyarder soyadından imtina edən oğlu Xavyerlə (red. indiki afı Vivyen Cenna Uilson) bağlı açıqlama verməyib.
Qeyd edək ki, Maskla Zilisin əkizləri 2021-ci ildə Texasda doğulublar. Onlardan başqa Maskın daha yeddi övladı var. Onun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var. Bundan başqa milyarderin müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.