Rusiyada məşhurlaşan Azərbaycan əsilli müğənni Coni (Cahid Hüseynli) Çeçenistanda konsert verməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, onun Qroznıdakı konsertini yerli sakinlər tənqid edib. Onlar sənətçinin ora gəlməsinə etiraz ediblər.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev teleqram kanalında videomüraciət yayıb. O, tədbirin əlehdarlarını görüşə çağırıb.
"Biz bütün internet qəhrəmanlarını sabah saat 13:00-da Daqun Omayev adına mərkəzin qarşısındakı meydanda gözləyirik" deyə, Dudayev bildirib.
Nazir qeyd edib ki, Coninin konserti Çeçenistanın Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb:
“Bir gün əvvəl milliyyətcə azərbaycanlı, eyni zamanda müsəlman olan müğənni Coninin Qroznıya konsert proqramı ilə gələcəyi xəbəri yayılmışdı. O, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində konsertləri ilə çıxış edib. Lakin bəzi “yalançı imamlar” internetdə onun respublikamıza səfərinin böyük biabırçılıq olduğunu və buna icazə verilməməsi barədə bəyanatlarla çıxış etməyə başladılar. İfaçı Coninin konserti Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb".
Coninin sözügedən konserti noyabrda planlaşdırılıb.