Rusiya Vaşinqtonun sanksiyalarına cavab olaraq daha 25 Amerika vətəndaşının ölkəyə girişini qadağan edib.
Axşam.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinın yaydığı məlumatda deyilir. Siyahıda Hollivud ulduzlarının da adı var. Belə ki, amerikalı aktyorlar Şon Penn və Ben Stiller ölkəyə daxil ola bilməyəcəklər.
“Rusiya vətəndaşlarına qarşı getdikcə genişlənən şəxsi sanksiyalara cavab olaraq, eləcə də mədəniyyət xadimlərinin (25 nəfər) Rusiya Federasiyasına daimi əsaslarla daxil olmasına qadağa tətbiq edilir. Russofobiya kursunu davam etdirən, Rusiya ilə ABŞ arasında ikitərəfli əlaqələri məhv edən və qarşıdurmanı gücləndirən Amerika hakimiyyətinin düşməncəsinə hərəkətləri bundan sonra da sərt şəkildə cavablandırılacaq” - deyə, nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, bundan əvvəl 963 Amerika vətəndaşının ölkəyə girişi həmişəlik qadağan edilmişdi. Sözügedən məşhurlar isə müharibə dövründə Ukraynanı dəstəkləyib və bu ölkəyə səfər edərək oradakı vəziyyəti işıqlandırıblar.

