Dünyanın ən zəngin adamı, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskın Ukraynadakı müharibə ilə bağlı yazı dərc etməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışdığı iddia olunub.
Axşam.az xəbər verir ki, bu barədə “Vice” nəşri məlumat yayıb. Belə ki, İlon tvit atmazdan əvvəl V.Putinlə əlaqə qurub. Milyarder söhbət barədə amerikalı politoloq Yan Bremmerə danışıb.
Bremmerin sözlərinə görə, Mask Rusiya prezidentiylə Ukrayna ilə sülh danışıqlarına hansı şərtlərlə getməyə hazır olduğunu müzakirə edib. Maskın sözlərinə istinadən Bremmer bildirib ki, Krım Rusiyanın tərkibində qalacağı təqdirdə və Ukrayna DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını tanıyacağı təqdirdə onlar danışıqlara hazırdır. Eyni zamanda, Ukraynanın özü də neytral dövlətə çevrilməlidir.
Politoloq həmçinin bildirib ki, Mask Ukraynanın Krımda "Starlink" peyk rabitə sistemlərinin aktivləşdirilməsi tələbini rədd edib.
Lakin daha sonra Mask tviter hesabında bu xəbəri şərh edərək, doğru olmadığını bildirib:
"Xeyr, mən Putinlə cəmi bir dəfə danışdım və bu, təxminən 18 ay əvvəl baş verib, söhbətin mövzusu kosmos idi."
Xatırladaq ki, ötən həftə iş adamı sosial şəbəkədə Ukraynadakı münaqişənin həlli planını dərc edib. O, bir neçə şərt irəli sürüb: Krım Rusiyada qalacaq, Ukrayna neytral dövlətə çevriləcək, BMT-nin iştirakı ilə DXR, LXR, Xerson və Zaporojye vilayətlərində təkrar referendumlar keçiriləcək.
O, həmçinin Ukrayna hökumətini ölkə xalqı naminə danışıqlara getməyə çağırıb. Bundan sonra, Maskın paylaşımı tənqid olunub. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski və bir çox ölkə rəsmiləri onu Rusiyanın maraqlarına uyğun hərəkət etməkdə ittiham edib.
Qeyd edək ki, Rusiyanın başlatdığı müharibənin ilk vaxtlarında milyarder Ukraynanı dəstəkləyirdi.