Ötənilki qalmaqala görə "Avroviziya"da dəyişiklik

Ötənilki qalmaqala görə "Avroviziya"da dəyişiklik
838 dəfə oxunub
  • A-
  • A
  • A+

“Avroviziya” beynəxalq mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişdirilir.

Axşam.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, bu addım ötənilki tədbirdə münsiflər heyətinin sövdələşməsi qalmaqalına görə atılıb:

"2022-ci il müsabiqəsində müəyyən edilmiş səsvermə pozuntuları ilə əlaqədar olaraq, səsvermənin bütövlüyünü qorumaq yollarını nəzərdən keçirmək üçün AYB (Avropa Yayım Birliyi) üzvlərindən ibarət işçi qrupu yaradılıb. Münsiflər heyətinin üzvləri yalnız müsabiqənin final mərhələsində səs verə biləcəklər. Eyni zamanda, yarımfinalın iştirakçılarının taleyini pullu səsvermə yolu ilə istənilən ölkənin iştirakçıları həll edəcək".

Xatırladaq ki, ötən il baş tutmuş müsabiqədə Azərbaycan da daxil olmaqla bir neçə ölkənin səsverməsində narazılıq yaranmışdı.

Məsələ ilə bağlı Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti "İTV" də bəyanat yayaraq, ölkəmizdən 12 xalın Ukraynaya verilməli olduğunu qeyd edib. Lakin yarışma təşkilatçıları final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək biz tərəfdən rədd edilsə də, yarış təşkilatçıları Bakıya bağlanmayıb, adımızdan öz nəticələrini elan ediblər. Həmçinin Bakıdan səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb. 

Qeyd edək ki, ötən il Ukrayna qalib olsa da, müharibə səbəbindən müsabiqə gələn il Britaniyada keçiriləcək.