Payız xəstəliklərindən qorunmağın yolu

Payız xəstəliklərindən qorunmağın yolu
1690 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti yaydan sonra payızın sərin, bəzən isə soyuq havasında tez-tez xəstələnənlər yəqin ki, az deyil. 

Axşam.az xəbər verir ki, soyuq aylarında insan sağlamlığının birinci düşməni nəfəs yollarının infeksiyasıdır. Bu infeksiyalar xüsusilə uşaqlara, yaşlılara və hamilə qadınlara daha pis təsir edir. Belə halda qrip, faringit, sinuzit, orta qulaq iltihabı, bronxit, haymorit kimi xəstəliklərin yayılma riski də artır. Mütəxəssislər qış mövsümündə soyuq havaya uyğunlaşmaq üçün bədənin daha çox enerji sərf etməsinə diqqət yetirildiyini, enerji ehtiyatının kifayət qədər olmadığı halda orqanizmdəki immunitetin aşağı düşdüyünü və infeksiyalara qarşı zəiflədiyini bildirirlər.  Bununla yanaşı mütəxəssislər viruslar nəticəsində yüksək temperatur, əzələ ağrıları ilə özünü büruzə verən bu xəstəliklərə diqqət edilmədikdə ciddi ağırlaşmalara səbəb ola biləcəyini də söyləyirlər.

Qrip:
Qrip virus mənşəli xəstəlikdir. Məlahət Qəhrəmanovanın sözlərinə görə, müxtəlif bakteriyalar bu xəstəliyə qoşulduqdan sonra irinləmə tezləşir və fəsad çoxalır: «İndi qripin və digər qış xəstəliklərinin tüğyan etdiyi vaxtdır. Qrip yaşından asılı olmayaraq hər bir insana tez yoluxan bir xəstəlikdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Hətta insanlar arasında belə bir söz də var: «Qripi müalicə etsən də etməsən də 7 gün çəkir». Onun gəldi-keçər bir xəstəlik olduğunu düşünüb, o qədər də çox ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır, həm də böyrək patalogiyası yaradır. Buna görə də qripə başdansovdu yanaşmaq olmaz. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman xəstənin orqanizmi zəifdirsə, rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa o, vərəmə də yoluxa bilər. Qripin ən məşhur yoluxma səbəbi ortaq istifadə edilən əşyalardır. Buna görə də qrip adamdan uzaq gəzməli, onun əli dəyən əşyalardan istifadə etməməlisiniz».  

Müalicə:
· 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.
· Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.

Sinusit:
Burun ətrafındakı boşluqların iltihablanmasıdır. Xəstəliyin ilkin əlamətləri burun tutulması, ağız qoxusu, qızdırmadır. Bu zaman insan nəfəs almaqda çətinlik çəkir. Məlahət Qəhrəmanovanın dediyinə görə, sinusit əsasən qulağın arxasında olur. Həmin hissədə iltihabi proses gedir: «Xəstədə kəskin başağrıları müşahidə olunur. Sinusit zamanı başda, göz ətrafında, üzdə, qulaq diblərində kəskin ağrılar, burun qanaması, diş qıcıqlanması olur, xəstə iy bilmir. Sinusit vaxtında müalicə olunmadıqda bu zaman çirk göz ətrafına yayılmağa başlayır və xəstədə korluq əmələ gətirir. Hətta sümük iltihabı da yarada bilər. Sinusit zamanı xəstəni rentgenə salsalar sümükdə ləkə görünər. Bu o qədər də qorxulu deyil, onun müalicəsi mükündür. Ancaq xəstəliyin irəliləməsinə imkan vermək olmaz. Sinusit irəlilədikdə xəstəni yalnız cərrahi əməliyyatla xilas etmək mümkün olur. Əməliyyat isə çox da asan deyil. Bəzi xəstələrdə əməliyyat vaxtı güclü qanaxmalar baş verir».

Müalicə:
 
· 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.
· 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin. 
 

Faringit:
Udlaq iltihabı xəstəliyidir. Faringit zamanı boğazda yanma, ağrılı udqunma, qızdırma, boyun nahiyəsində şişkinlik olduğunu deyən həkim - terapevt xəstənin qarın və baş ağrılarından şikayətləndiyini söyləyir: «Qripdən sonra bəzi xəstələr uzun müddət öskürür, boğaz qıcıqlanır, halsızlıq müşahidə olunur. Bu faringitin başlanğıcı deməkdir. Faringit də virus mənşəli xəstəliklərdəndir. Faringit zamanı öskürəyin qarşısı alınmadıqda boğaz göbələyi də əmələ gəlir. Faringit müalicə olunmadıqda, qarın yatalağı, skarlatin (yoluxucu xəstəlik), məxmərək kimi xəstəliklər yaradır. Faringit zamanı nadir hallarda badamcıqlarda ikinci infeksiya mənbəyi yarana bilər. Bu, xəstəlik kəskinləşdikdə baş verir. Bu hal xəstənin ölümü deməkdir».
 
Faringit zamanı xəstə daha çox diqqət etməlidir:
· Siqaret və spirtli içkilərdən uzaq olmalı
· Tozlu yerlərdə durmamalı
· Çox isti və soyuq qidalar qəbul etməməli
· Gecə vaxtı çox çay, kofe içməməli

Haymorit
Məlahət Qəhrəmanovanın dediyinə görə, haymoriti rentgen müayinəsi ilə dəqiqləşdirmək olur: «Haymorit allergik rinitlə başlayır. Buna görə də çoxları allergik rinitlə haymoriti dəyişik salırlar. Buna görə də qripə yoluxduqdan sonra mütləq bədənin immunitetini artıran vasitələrdən istifadə edilməlidir. Haymorit ən çox alında olur. O, qripdən sonrakı qalan qalıqların fəsadır. Bu zaman alın nahiyəsinə irin yığılır. Başda ağrılar, burun axmaları, güclü öskürək olur, təzyiq «oynayır». Uzunmüddətli haymoritdən sonra xəstə astma olur».  

Müalicə:
· Qıtığotu (xren) kökünü yuyub, təmizlədikdən sonra sürtgəcdən keçirin. Qarışığı 3 limonun şirəsi ilə qarışdırın. Gün ərzində bir dəfə səhər yeməyindən  20-30 dəqiqə əvvəl ½ xörək qaşığı qəbul edin. Haymorit zamanı bu müalicəni 3-4 ay davam etdirin. Arada iki həftə fasilə verdikdən sonra prosesi təkrarlamaq olar. 
· Kartofu qabıqlı qaynadın. Burnunuzu qaynanmış kartof buxarına verin.