Aktrisa Syuzan Sarandon Nyu-Yorkda keçirilən etiraz aksiyasında saxlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
76 yaşlı Sarandon Nyu-York ştatında Kapitolinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən tutulub. Etiraz iştirakçılarının məqsədi restoran işçilərinin minimum əmək haqqının artırılmasına dəstək olmaqdır.
Belə ki, Nyu-York ştatının yeni qanunvericiliyinə əsasən, minimum əmək haqqı saatda 17 dollara çatdırılıb. Lakin restoran işçiləri bu yeni qanundan kənarda qalıblar.
"Oskar"lı aktrisa da daxil olmaqla saxlanılanlar cərimələnib, daha sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, bu, Sarandonun ilk həbsi deyil. O, 2018-ci ildə Vaşinqtonda keçirilən aksiyalar zamanı da saxlanılıb.