Ramiz Məlik vəfat etdi

Ramiz Məlik vəfat etdi
2841 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Məlik dekabrın 14-də vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək.

Xatırladaq ki, R.Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.

Qeyd edək ki, R.Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Allah rəhmət eləsin.