Məşhur türkiyəli rejissor Bakıda - Fotolar

Məşhur türkiyəli rejissor Bakıda - Fotolar
793 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə ölkəmizə gələn türkiyəli rejissor Semih Kaplanoğlu mədəniyyət nümayəndələri ilə bir araya gəlib. 

Axşam.az xəbər verir ki, Semih Kaplanoğlu tədbirdə mədəniyyət nümayəndələrinin fəaliyyəti haqqında sualları cavablandırıb və kino sahəsi haqqında təcrübələrini bölüşüb. 

Məşhur rejissor daha sonra ölkəmiz haqqında təəssüratlarını dilə gətirib:

"Bakıda olmaqdan çox məmnunam. Bakını daha dərindən kəşf etmiş və görmüş oldum.  Burada gənclərlə, bir çox aktyor və rejissorlarla görüşümüz  baş tutdu. Onlarla öz təcrübəmi bölüşdüm. İki həftədir ki, Bakıdayam və burada çox xoş zaman keçirtdim. Azərbaycan kino sahəsinin gələcəkdə həyata keçirəcək layihələrində az da olsa töhfəmiz oldusa nə xoş bizə.

Biz Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik". Hər sahədə olduğu kimi kino sahəsində də sıx iş birliyi həyata keçirə və bu mövzularda müzakirələr apara bilərik".

Məşhur rejissor İkinci Qarabağ müharibəsindən bəhs edən filmlərin çəkilməsindən də danışıb:

“Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən ssenariləri oxudum.  Ssenarilər arasında fərqli baxış tərzlərini əks etdirən hekayələr var. Ssenarilər daha çox hadisə üzərindən deyil, onu yaşayan şəxslərin dilindən əks edilib. Məsələn, ötən gün bir qadının hekayəsini oxudum, 30 il əvvəl torpağını tərk edən və 30 il sonra doğma torpağına qayıdan... O zaman 30 yaşı, indi isə  60 yaşı var. Bu illər ərzində mübarizə aparan, təkrar doğma torpağına getməsini arzu edən güclü bir qadının hekayəsi çox xoşuma gəldi. Təbii ki, bir qadının mübarizəsi və ananın hekayəsi mənə çox təsir etdi. Bir çox güclü ssenarilər var. Düşünürəm ki, Qarabağ müharibəsindən  əks edən filmlərin rejissoru və aktyorları da azərbaycanlı olmalıdır”. 

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç isə iki ölkə arasında baş tutan mədəni əlaqələrin inkişafından bəhs edib.

Qeyd edək ki, tədbirdə əməkdar incəsənət xadimləri Mehriban Ələkbərzadə, Ayaz Salayev, Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Əməkdar artistlər Vəfa Zeynallı, Sənubər İsgəndərli, Suğra Bağırzadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, aktyorlar  Kamran Ağabalayev, Elməddin Cəfərov və başqaları iştirak ediblər.