Müasir estradanın banisi - 53 yaşında

Müasir estradanın banisi - 53 yaşında
1300 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xalq artisti, Pop diva Aygün Kazımovanın ad günüdür. 

Axşam.az xəbər verir ki, 53 yaşını qeyd edən ölkənin əsas ulduzu illərdir ənənəsinə sadiq qalır. Bu il də o, özəl günündə yeni layihəsini təqdim edib, media nümayəndələri ilə görüşəcək.

Əbəs yerə ona müasir estradanın yaradıcısı demirlər. İllərdir estrada da baş verən bütün yeniliklərin adı onunla bağlıdır. Etdiyi layihələrin, oxuduğu mahnıların sorağı hər zaman yüksəklərdən gəlir. Bu günə kimi repertuarına daxil olan bütün mahnılarını hit etməyi bacaran Kazımova təkcə 2023-cü ildə dörd hit təqdim edib. 

1988-ci ildə "Bakı payızı"ndakı çıxışı ilə peşəkar səhnəyə ilk addımını atan Kazımova hər səhnəyə çıxışı ilə səs-küy yaratmağı bacarıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyev müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deyib. Kazımova isə ona olan bu inamı heç vaxt sarsıtmayıb. O, həyatını illərdir sənətə həsr edib. Onun şousu qədər geyimi, görünüşü də həmişə müzakirə olunub. 

1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib.

İlk solo konserti 1996-cı ildə Gəncə şəhərində baş tutub. Müğənni bu konsertdən 1 manat pul qazanıb. Bu isə onu ruhdan salmayıb. Aygün Kazımova verdiyi solo konsertlərində hər şousu ilə bir məktəb olub. Elə onun sonuncu böyük solo konserti kimi... 2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. Həmin gün onun təqdim etdiyi səhnələr illər keçsə də unudulmayıb, üstəlik bu gün digər sənət adamları tərəfindən təkrarlanır.

Ölkənin əsas ulduzu Azərbaycan musiqisini xaricdə tanıtmaq üçün də illər boyunca az işlər görməyib. Bir çox müsabiqələrə qatılıb, səs-küy yaradan çıxışlar edib. Azərbaycanı dünyada tanıtmaq sevgisi ilə Kazımova 2013-cü ildə dünyaca məşhur reper Snup Doqqla duet oxuyub. "Coffee from Columbia" layihəsi üçün müğənni evini satışa çıxarıb. Məhz oradan aldığı pulla bu layihəni gerçəkləşdirib. 2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub, amma təşkilatçıların erməni olduğunu eşidən ifaçı imtina edib.

Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb və mükafatı alan ilk azərbaycanlı olub.

Saysız mahnıları, albomları, konsertləri, çıxışları -  o, heç vaxt səhnədən yorulmayıb, işləməkdən əl çəkməyib. Bu gün mahnıları qədər görünüşü də müzakirələrə səbəb olur. Getdiyi hər məkanda izdiham yaratmağı bacaran Kazımova bu gün estrada da hər janrda mahnı təqdim edərək, birinciliyini qoruyub saxlamağı bacarıb.

Etdiyi işləri, oxuduğu mahnıları, dəyişdiyi görünüşünü saymaqla bitməz. Amma o, bu gün də yorulmadan, dayanmadan oxuyur, yaradır, öz rekordunu yalnız özünün üstələyəcəyini bilir.

Bu gün təkcə Aygün Kazımovanın yox, dostu, mərhum müğənni Rəhim Rəhimlinin dediyi kimi - Azərbaycan müasir estradasının da ad günüdür. Aygün Kazımova, 53, Azərbaycan müasir estradası, 37 yaşın mübarək...