Bu gün aparıcı Tural Əsədovun ad günüdür. Təəssüratlarını Axşam.az-la bölüşən Tural aldığı təbriklərdən və ailə həyatından danışıb:
“Saysız-hesabsız təbriklər olub. İlk təbriki ailəmdən aldım. Bu qədər yaxınlarım, dostlarım olduğuna görə xoşbəxtəm. Hələ bütün sevənlərimin təbrikini bir arada eşitmək başqa gözəllikdir. Ad günüm mənim üçün bayramdır. Yalandan deməyim ki, bu günü beş dostumun əhatəsində keçirəcəm. Yaxın bildiklərim olduqca çoxdur və hamını bir araya yığacam. Çoxlu hədiyyələr almışam, amma onların nə olduğunu deməyəcəm. Göz dəyər (gülür). Gözlədiyim xüsusi hədiyyə yoxdur. Çünki həyatda Allahdan nə istəmişəmsə, verib".
Bir oğlu olan T.Əsədov atalıq hissinin çox məsuliyyətli olduğunu deyib:
"Ata olmaq çox məsuliyyətlidir. Mənim bir övladım da, beş uşağım da olsa, eyni məsuliyyəti hiss edəcəm. Uşağın sayı məsuliyyət hissini dəyişmir. Əsas odur ki, mən atalıq hissini yaşadım. Bütün subay oğlan və qızlara da valideyn olmağı arzu edirəm".
Aparıcı olaraq efirlərdən uzaq düşən T.Əsədov yeni mövsümdə də aktyor kimi özünü sınayacaq:
"Oğurlanmış arzular" serialının yeni bölümləri olacaq. Aparıcı kimi təkliflər alıram. Amma bəzi şərtlərdə razılaşmırıq. Maraqlı bir təklif olarsa, əlbəttə qəbul edərəm. Mənə belə də rahatdır. Aktyor kimi fəaliyyət göstərsəm də, aparıcılıq daha doğmadır. Onsuz, hər birimiz bu həyatda aktyoruq".
Zəhra ƏHMƏDOV