Dünyaca məşhur "Metallica" rok qrupunun mayın 7-də Virciniyadakı "Virginia Tech Lane" stadionunda verdiyi konsert zamanı qeydə alınan səs-küylü atmosfer kiçik seysmik aktivliyə səbəb olub.
Axşam.az xəbər verir ki, təxminən 60 min tamaşaçı "Enter Sandman" mahnısının ifası zamanı sinxron şəkildə tullanaraq stadionu sarsıdıb.
Vircinia Seysmoloji Observatoriyası stadiondan təxminən 1,6 kilometr məsafədə yerləşən avadanlıqları ilə bu hərəkətləri qeydə alıb. Seysmik fəaliyyətin miqyası 1 baldan aşağı olub və rəsmi zəlzələ kimi təsnif edilməyib.
Qeyd edək ki, "Enter Sandman" mahnısı 2000-ci ildən bəri "Virginia Tech" futbol komandasının stadionda meydana çıxışı zamanı çalınan ənənəvi bir mahnıya çevrilib. Bəstənin canlı ifası zamanı yaranan enerji bu dəfə seysmik cihazlarla ölçülə biləcək qədər güclü olub.