Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ölkə başçısı İlham Əliyevlə foto paylaşıb.
Axşam.az xəbər verir ki, Mehriban Əliyeva Yeni il paylaşımına bunları yazıb:
“Əziz həmvətənlərim, bacı-qardaşlarım!
Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm can sağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.
Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy, bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy, qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy, sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün. Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir. Qoy, yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin. Qoy, Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun. Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə, Sizin Mehriban”.
