Fransa hökuməti 2026-cı ilin sentyabrından etibarən 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa tətbiq etməyi planlaşdırır.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilir ki, müvafiq qanun layihəsi artıq hazırlanıb və yaxın günlərdə Fransanın Dövlət Şurasına hüquqi ekspertiza üçün təqdim ediləcək.
Təşəbbüs birbaşa prezident Emmanuel Makron tərəfindən irəli sürülüb.
Qanun layihəsi yalnız sosial şəbəkələrə məhdudiyyətlə kifayətlənmir. Sənəd məktəblərdə mobil telefonlardan istifadəyə dair mövcud qadağanın genişləndirilməsini də nəzərdə tutur. Belə ki, qadağa ibtidai və orta məktəblərlə yanaşı, 15–18 yaşlı şagirdlərin təhsil aldığı liseyləri də əhatə edəcək.
Qanun qəbul edilərsə, Fransa bu cür sərt qadağa tətbiq edən ilk Avropa ölkəsi ola bilər.
Qeyd edək ki, daha əvvəl Avstraliya 2025-ci ilin dekabrından etibarən 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Oxşar tədbirlər hazırda Danimarka, Norveç və Malayziyada müzakirə olunur. Böyük Britaniya hökuməti də belə bir addımı istisna etmir.