Ağdamdan ucalan muğam səsi - Arif Babayevsiz ilk doğum günü

Ağdamdan ucalan muğam səsi - Arif Babayevsiz ilk doğum günü
363 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan muğam sənətinin böyük nümayəndəsi, Xalq artisti Arif Babayevin doğum günüdür.

Axşam.az xəbər verir ki, bu onun ölümündən sonra ilk onsuz keçirilən ad günüdür. Əgər yaşasaydı, 88 yaşını qeyd edəcəkdi. Amma bu doğum günü artıq onsuz, yalnız xatirələrlə, lent yazıları və ürəklərdə yaşayan o möhtəşəm səslə qarşılanır. Bəzi yaşlar təqvimdə yox, yaddaşda ölçülür. Arif Babayevin ömrü də illərlə deyil, ifalarla hesablanır.

1938-ci ildə Ağdamın Sarıhacılı kəndində dünyaya gələn Arif Babayev hələ uşaqlıq illərindən Qarabağın zəngin muğam mühitində böyüyüb. O torpağın nəfəsi, çölünün küləyi, yaylaqlarının səsi onun ifasında hər zaman duyulub. Deyirlər, A.Babayev “Segah” oxuyanda zalda sükut çökərmiş, sanki hər kəs öz taleyi ilə üz-üzə qalarmış. Onun səsində qəribə bir yanğı, eyni zamanda bir vüqar var idi.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Xanəndənin ifasında bütün muğam dəstgahları səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.

Onu xatırlayan yaxınları deyir ki, səhnəyə çıxanda təmkinli görünərdi. Amma ilk zəngulə ilə anlayardın ki, qarşında adi xanəndə yox, bir məktəb dayanıb. O, muğamı sadəcə ifa etmirdi, yaşayırdı. Hər “Şur”da nisgil, hər “Rast”da ucalıq, hər “Bayatı-Şiraz”da dərin fəlsəfə hiss olunurdu. Onun ifasını dinləyəndə adam anlayırdı ki, muğam sadəcə janr deyil – yaşanmışlıqdır.

Arif Babayev təkcə böyük sənəti ilə deyil, insanlara göstərdiyi qayğı ilə də sevilib. Tələbələrinə qarşı qayğıkeş, sənətə qarşı isə son dərəcə tələbkar olub. “Muğam məsuliyyətdir” - deyərdi. Çünki o, bu sənəti müqəddəs bir əmanət kimi görürdü. 

Arif Babayev muğamı qoruyan, onu gələcək nəsillərə ötürən sənətkarlardan idi. O, məktəb idi. Tələbələri üçün həm ustad, həm ata qayğısı göstərən bir müəllim idi. Muğamı təhrif etmədən, onu müasirliyə qurban vermədən yaşatmağın mümkün olduğunu sübut edən sənətkar olub.

2025-ci ilin 1 avqustunda sənətkarın vəfat xəbərini bir çoxları şəxsi itkisi kimi yaşadı. Sanki hər evdən bir səs kəsildi. Amma əslində o səs susmadı. Bu gün də radionu açanda, köhnə bir konsert yazısına baxanda, yaxud Qarabağdan söz düşəndə Arif Babayevin ifası yenidən canlanır.

Arif Babayev ölümündən əvvəl ən böyük arzusuna da çatıb. O, Qarabağı, doğulduğu Sarıhacılı kəndini görüb. Muğamını Qarabağ torpağında səsləndirib.

Bu gün onun doğum günüdür. O, həyatda olmasa da, sənətdə yaşayır. Çünki həqiqi sənətkarlar ölmür - onlar zamana qarışır, xatirəyə çevrilir, səs olaraq qalır.