“Tirannozavr dərisi”ndən hazırlanan çantaya alıcı tapılmadı - Fotolar

“Tirannozavr dərisi”ndən hazırlanan çantaya alıcı tapılmadı - Fotolar
160 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdə keçirilən hərracda “tirannozavr dərisi"ndən hazırlanmış ilk çanta satışa çıxarılsa da, alıcı tapmayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.

"Giquello" hərrac evi çanta üçün başlanğıc qiyməti 100 min avro müəyyən etmişdi. Hərrac zamanı ən yüksək təklif 150 min avro olub. Halbuki məhsulun 300–500 min avroya satılacağı gözlənilirdi.

Çanta bu ilin yazında Amsterdamda təqdim olunub. Onun hazırlanması üçün 25 il əvvəl ABŞ-nin Montana ştatında tapılmış tirannozavr reksin bud sümüyündəki kollagen qalıqlarından istifadə edilib. Alimlər biotexnologiya vasitəsilə laboratoriyada həmin genetik material əsasında dəriyə bənzər material yetişdiriblər.

Hərracın keçirildiyi "Drouot" mərkəzi bu məhsulu “lüks tarixində bənzəri olmayan yenilik” və “heyvandarlıqdan istifadə etmədən hazırlanan dəri texnologiyası” kimi təqdim edib.

Ancaq bəzi alimlər bunun həqiqətən dinozavr dərisi olduğunu qəbul etmirlər. Şimali Karolina Universitetinin paleontoloqu Meri Şvaytser bildirib ki, kollagen bir çox heyvanlarda olur və bu maddənin istifadəsi materialın məhz tirannozavra aid olduğunu sübut etmir.

O həmçinin qeyd edib ki, dəri adətən heyvanın emal olunmuş dərisindən hazırlanır. Dinozavrların isə milyonlarla il əvvəl məhv olduğu üçün onların həqiqi dəri nümunələri mövcud deyil.