Məşhur Hollivud aktyorları Ancelina Coli və Bred Pittin qızı Zahara atasının soyadından imtina etmək üçün rəsmi müraciət edib.
Axşam.az xəbər verir ki, bu barədə “Entertainment Weekly” nəşri məlumat yayıb.
Los-Anceles Ali Məhkəməsinə təqdim olunan sənədlərdə 21 yaşlı Zaharanın bundan sonra “Zahara Marli Coli” adını daşımaq istədiyi qeyd olunub. Bununla da o, “Pitt” soyadını rəsmi olaraq adından çıxarmağa qərar verib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə “Cənab və Xanım Smit” filminin çəkilişləri zamanı tanış olublar. Cütlük 2014-cü ildə evlənsə də, iki il sonra boşanma prosesi başlayıb. Boşanma uzun sürən məhkəmə çəkişmələrindən sonra yekunlaşıb. Onların altı övladı var: Meddoks, Paks, Zahara, Şaylo və əkizlər Noks və Vivyen.
Zahara ailədə Pitt soyadından imtina edən ilk övlad deyil. 2024-cü ildə cütlüyün qızı Şaylo yetkinlik yaşına çatdıqdan sonra adını rəsmi şəkildə dəyişərək “Şaylo Nuvel Coli” adını qəbul edib. Digər qızları Vivyen də anası ilə birlikdə çalışdığı “Kənar Adamlar” musiqili tamaşasının proqramında yalnız “Coli” soyadından istifadə edib.
Ailənin böyük oğlu Meddoks da daha əvvəl atasının soyadından imtina edərək “Meddoks Şivan Coli” adını istifadə etməyə başlayıb. O, rejissor köməkçisi kimi çalışdığı “Kutyur” filmində də məhz bu adla qeyd olunub.