"Heç bir barışıq olmayacaq, buna görə qapımızı döyməyin"

"Heç bir barışıq olmayacaq, buna görə qapımızı döyməyin"
2548 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb və o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xəbər verir ki, ötən gündən sosial şəbəkədə məsələ ilə bağlı bir çox paylaşımlar edilib, "Arzum"un günahsız olduğunu yazılıb. Qəzada dünyasını dəyişən 29 yaşlı Amal Məlikovun ailəsi açıqlama yayıb. Onlar bildiriblər ki, blogerlə aralarında barışıq olmayacaq:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil.

Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək. Xahiş edirik, acımıza hörmət edin və yersiz xahişlərlə narahat etməyin. Evimizin qapısını bu məqsədlə döyməyin, fikrimiz dəyişməyəcək”.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. 

Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb.