ABŞ Müdafiə Nazirliyi (Pentaqon) UNO və izaholunmayan anomal hadisələrlə bağlı məxfilikdən çıxarılan arxiv materiallarının dördüncü hissəsini ictimaiyyətə təqdim edib.
Axşam.az xəbər verir ki, yeni paketə ABŞ-nin müxtəlif dövlət qurumlarının, o cümlədən NASA, Mərkəzi Kəşfiyyat İdarəsi , Federal Təhqiqat Bürosu və Energetika Nazirliyinin iştirakı ilə hazırlanmış 40 sənəd, foto, video və audio material daxil edilib.
Dərc olunan materiallar arasında Atlantik okeanı, Sakit okeanın qərb hissəsi və Yaxın Şərq üzərində qeydə alınan naməlum obyektlərin infraqırmızı görüntüləri də yer alıb.
Sənədlərdən birində 2015-ci ildə ABŞ-ın Texas ştatındakı Pantex nüvə kompleksində baş verən hadisədən bəhs olunur. Bildirilir ki, təhlükəsizlik əməkdaşları müəssisənin üzərində səssiz şəkildə hərəkət edən kiçik romb formasında naməlum obyekt müşahidə ediblər. Aparılan yoxlamalar nəticəsində hər hansı təhlükə aşkarlanmasa da, obyektin mənşəyi müəyyənləşdirilməyib.
Digər hesabat isə 2019-cu ildə baş vermiş hadisəyə aiddir. Məlumata görə, hərbi təyyarənin heyəti qapalı hava məkanında qeyri-adi uçuş xüsusiyyətlərinə malik düzbucaqlı formalı obyekt aşkar edib. Lakin müşahidə sistemi onu tam izləməyə başlamazdan əvvəl obyekt ərazini tərk edib.
Qeyd edək ki, bu arxivlərin açıqlanması ABŞ Prezidenti Donald Trampın fevral ayında verdiyi göstərişdən sonra həyata keçirilir. O, UNO-lar və mümkün yerdənkənar həyatla bağlı sənədlərin məxfilikdən çıxarılmasını tapşırmışdı.