Təcavüzdə ittiham olunan fenomenlər ABŞ-də saxlanılıb

Təcavüzdə ittiham olunan fenomenlər ABŞ-də saxlanılıb
639 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomenləri Endryu və Tristan Teyt ABŞ-nin Florida ştatında saxlanılıblar.

Axşam.az xəbər verir ki, CBS News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, qardaşlar Böyük Britaniya ilə ABŞ arasında qüvvədə olan ekstradisiya sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Mayamidə nəzarətə götürülüblər.

Nazirliyin federal hüquq-mühafizə qurumunun sözçüsü Bredi Makkarron isə "Associated Press"ə açıqlamasında saxlanılma ilə bağlı orderin məxfi olduğunu deyib. O, ittihamlarla bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, Böyük Britaniyada 39 yaşlı Endryu Teyt 7 təcavüz, insan alveri, qəsdən xəsarət yetirmə və uşaq istismarı görüntüləri ilə bağlı çoxsaylı ittihamlarla üz-üzədir.

38 yaşlı Tristan Teyt isə cinsi zorakılıq, iki təcavüz və insan alveri ilə əlaqədar ittiham olunur.

Həm ABŞ, həm də Böyük Britaniya vətəndaşlığına malik olan Teyt qardaşları 2016-cı ildə Rumıniyaya köçüblər. Onlar 2022-ci ildə insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində bu ölkədə də saxlanılıblar.