ATV kanalında yayımlanan “Dəb Siz” verilişinin növbəti çəkilişləri baş tutub. Axşam.az-ın məlumatına görə, layihənin rəhbəri Ruhi Əliyevadır.
“Dəb Siz”də bu dəfə də maraqlı anlar yaşanıb.
Verilişin qəhrəmanına çevrilən 33 yaşlı Sevda idman üslublu geyimlərə üstünlük verib və seçdiyi üç geyimlə münsiflərin qarşısına çıxıb. Amma o, tənqidlərə tuş gəlib.
Daha sonra iştirakçı proqramda hakim kimi çıxış edən Ruhi Əliyevanın köməkliyi ilə seçilən geyimlərlə podiuma qayıdıb və hər kəsi təəccübləndirib.
Verilişin qonaqları müğənni Çingiz Mustafayev, muğam ifaçısı Gülay Zeynallı və “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyeva, jurnalist Könül İbrahimova olublar.
Ruhi Əliyeva xanımları baxımlı olmağa çağırıb:
“Bu gün verilişimizdə qonaq olan iştirakçımız Sevda xanım gözəldir, dərisi təmizdir. Lakin geyim tərzini seçə bilmir, özünə güvənmir. Azərbaycanda qızları çox qapalı böyüdürlər, ona görə də, özlərinə inanmırlar, tez sıxılırlar. Çirkin xanım yoxdur, biz də Sevdanın geyim tərzini, saçını dəyişdik. Ona sürpriz olaraq burun əməliyyatı olunmağı təklif etdik. Hələ ki, Sevda əməliyyatla bağlı düşünmək istəyir, razı olsa, burnunu əməliyyat etdirəcəyik. Bütün xanımları baxımlı olmağa çağırıram”.
Qeyd edək ki, “Dəb Siz” verilişi hər həftənin bazar ertəsi, saat 12:00-da yayımlanır.
Foto: Rəşad ABBASOV