Mayın 12-də "Bakı-2015" Alovu Zərdab və Tərtər rayonlarına səyahət edib.
Axşam.az-ın məlumatına görə, Zərdabda iqtisadçı Bəxtiyar Nurəliyevin başladığı məşəl yürüşü Azərbaycan küçəsindən start götürməklə, R.Kərimov küçəsində davam etdi. Zərdabi küçəsindən sonra Heydər Əliyev parkının tağından keçən məşəl yürüşü 3,53 km məsafəni əhatə etdi. Orta məktəb müəllimləri Alim Quliyev, Cavidan İbadov və Seymur Əsədov, iqtisadçı Cavid Nuriyev, idman fəalı Ehtiram Osmanov, taekvondoçu Elnur Babayev, 11-ci sinif şagirdi Anastasiya Demidenko, dövlət qulluqçusu Murad Həsənov növbə ilə məşəli daşıyıblar.
Sonuncu məşəlçi karatenin WKC versiyası üzrə dünya və ikiqat Avropa çempionu, qara kəmər sahibi Nərmin Camalzadə məşəllə Heydər Əliyev parkında quraşdırılmış səhnəyə qalxıb və Avropa Oyunlarının daha bir çırağını alovlandırın.
Məşəldən od alan çırağı rayon ictimaiyyətinə karatenin WKC versiyası üzrə gənclər arasında dünya ikincisi və Avropa çempionu, 19 yaşlı Nurəddin Əliyarlı təhvil verdi.
Daha sonra Tərtərdə aşıq musiqisi sədaları altında orta məktəb müəllimi Rasif Abbasovun başlatdığı estafet Heydər Əliyev prospekti boyunca 4,16 km yol qət etdi. Estafet zamanı məşəli məktəblilər Karina Nəsirova, Nurlan Əlizadə, Sevinc Əliyeva və Nigar Ağamalızadə, məşqçi-müəllim Emin Məmmədov, cüdo mütəxəssisi Rəşad Ələkbərov, orta məktəb müəllimləri Səlim Zeynalov və Səlim Kərimov daşıyıblar.
Məşqçi-müəllim, yeniyetmə və gənclər arasında boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov isə onu baş meydanda quraşdırılmış səhnəyə gətirdi. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi Məhəmməd Əlizadə təqdim edib
Məşəl estafeti sabah, mayın 13-də əvvəlcə Yevlaxa istiqamət götürəcək, axşam saatlarında isə Bərdədə möhtəşəm alov festivalı ilə qarşılanacaq.