Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirilib.
Axşam.az-ın məlumatına görə, sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü – Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edilib. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırıb.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salınıb.
Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edilib.
Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırıb. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaradıb.
Alov festivalı atəşfəşanlıqla başa çatıb.
Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.