Bakı-2015-in Alov Səyahəti iştirakçıları bu gün, mayın 14-də iki dağətəyi rayonda qarşılanıblar.
Axşam.az-ın məlumatına görə, günün birinci yarısında Goranboyda, axşam saatlarında isə Naftalan şəhərində məşəl estafeti keçirilib.
Goranboyda məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul edib. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izləyiblər.
Sonra “Bakı-2015”-in çırağı yandırılıb. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
Məşəl yürüşündə iştirak etmiş dünya çempionu Yalçın Qarayev təəssüratlarını belə ifadə edib:
“Məşəl estafetinin Goranboya gəlişinə şadıq. Birinci Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün ömürlük xatirə olacaq. Əminəm ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər. Bir karate mütəxəssisisi kimi, idmançılarımıza yaxından azarkeşlik edəcəyəm. Milli komandanın lideri Rafael Ağayevin qızıl medal qazanacağına heç bir şübhəm yoxdur”.
Naftalanda məşəl estafeti 4,25 km məsafəni əhatə etməklə, Şirvan küçəsində - Bayraq meydanında quraşdırılmış tağdan keçməklə başlayıb. Birinci məsafəni ictimai fəal gənclərin təmsilçisi kimi Tural Məmmədov qət ediv. Onun ardınca, növbə ilə bu mərasimdə Rahim Muradov, Zaur Məmmədov, Xəyal Abdullayev, Nazim Abdullayev, Vasif Mustafayev, Elman Şərəfxanov, Elman Kamalov, Samir Qocayev və Bakı-2015-in rəsmi tərəfdaşı “Coca Cola”nın nümayəndəsi Lətif Bayramov iştirak ediblər.
Yol üzərində yerləşən “Çinar” mehmanxanasının qarşısında dəvə karvanı abidəsi önündə xatirə şəkilləri çəkdirilib. Mərasim S.Qurbanov küçəsi ilə davam edərək, qarşılanma üçün bəzədilmiş parkda quraşdırılmış səhnədə başa çatdırılıb. Sonuncu məşəlçi cüdo üzrə ölkə çempionatının bürünc medalçısı Fuad Əliyev qrupun digər üzvlərinin müşayiəti ilə səhnənin ətrafına gəlib və burada yerli ictimaiyyəti salamlayıb. Sonra o, səhnəyə dəvət olunub və alov çırağını yandırıb.
Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarx təqdim edildikdən sonra yandırılmış çırağı rayon sakinlərinə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Lalə Nəbizadə nümayiş etdirib. Çıraq Avropa Oyunlarının sonuna qədər söndürülməyəcək və onu Heydər Əliyev Mərkəzində saxlayacaqlar.
Məşəl estafeti mayın 15-də Göygöldə olacaq və sonra qədim Gəncədə Alov festivalı ilə günə yekun vurulacaq.