“Almaniya top modelini axtarır” yarışmasında bomba həyəcanı yaşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, televiziyadan canlı olaraq finalı yayımlanacaq müsabiqənin keçirildiyi salona partladıcı qurğunun yerləşdirilməsi haqda həyəcan təbili çalınıb. İştirakçılar və 10 min nəfər izləyici dərhal təxliyə olunduqdan sonra polis axtarışlara başlayıb. Şübhəli çanta tapılsa da, onun içində bomba aşkarlanmayıb. Bomba xəbərdarlığını telefonla şəxsiyyəti bilinməyən bir qadının etdiyi məlum olub.
Qeyd edək ki, yarışma məşhur model Haydi Klumun aparıcılığı ilə yayımlanır. Bu, Almaniyada yaşanan ilk belə hadisə deyil. Belə ki, bu il ərzində təhlükəsizlik səbəbindən artıq bir çox proqram təxirə salınıb. Frankfurtda velosiped yarışı, Braunşveyqdə karnaval keçidi terror xəbərdarlığından sonra keçirilməyib.