Mehriban Əliyeva "Sülh ağacı" abidəsinin açılışında - fotolar

Mehriban Əliyeva "Sülh ağacı" abidəsinin açılışında -  fotolar
2357 dəfə oxunub
  • A-
  • A
  • A+

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar mərasimdə iştirak ediblər.

Birinci xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser “Sülh ağacı”nın üzərindəki örtüyü götürüblər.

“Sülh ağacı” abidəsinin önündə xatirə şəkli çəkdirilib.

Bürüncdən hazırlanan “Sülh ağacı” abidəsi Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir.

Mərasimdə çıxış edən birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib:

"Mən UNESCO-nun baş direktoru xanım İrina Bokovaya və BMT-nin baş katibinin ali nümayəndəsi cənab Al-Nasserə “Sülh ağacı”nın açılış mərasimində bizimlə birlikdə iştirak etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu abidə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser tərəfindən yaradılıb. Onun bütün işlərində sülh, tolerantlıq və xeyirxahlıq idealları öz əksini tapır. Mən əziz dostum xanım Serə təşəkkürümü bildirmək istəyirəm.

Çox şadam ki, bu gözəl incəsənət əsəri paytaxtımızın ən cazibədar yerlərindən olan Bakı Bulvarının bir hissəsinə çevrilib. Sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub. Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq.

Müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox addımların təşəbbüskarı olub. Azərbaycan Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi yüksək səviyyəli tədbirləri təşkil edir. Ötən il Azərbaycanda ilk Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Sabah biz hamımız birlikdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışını edəcəyik. Mən ümid edirəm ki, bütün müzakirələr, görüşlər, fikir və ideya mübadiləsi xalqlar, millətlər və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək.

Hörmətli dostlar, rəmzi məna daşıyan bu “Sülh ağacı” abidəsi kimi hamımızın torpaqdakı köklərimiz eynidir. Qəti əminəm ki, biz ümumi dünyamızı, sülh və dostluq kimi dəyərləri qorumaq üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının açılışı ərəfəsindəyik. Mən fürsətdən istifadə edərək, hamınızı bütün Avropanı sülh və dostluq naminə birləşdirəcək bu tarixi tədbirdə iştirak etməyə dəvət edirəm.

Sizi bir daha salamlamaq istərdim və bütün qonaqlarımıza Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sizə xoş səfər və çoxlu uğurlar arzulayıram".

Sonra UNESCO-nun baş direktoru İrina Bokova çıxış edib.

Daha sonra “Sülh ağacı” abidəsinin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser fikirlərini bölüşüb.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adınadan mərasim iştirakçılarının şərəfinə ziyafət verildi.