Tanınmış Bollivud rejissoru Priyadarşan Bakıda film çəkəcək.
Axsam.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.
Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal oynayacaq. Priyadarşan ekran işində həmçinin, Aparna Nair və Sabu Siril kimi hind aktyorlarının da çəkiləcəyini bildirib:
“Xalqlar və ölkələr arasında mədəni əlaqələrin qurulması əhəmiyyətli amildir. Bu filmi Azərbaycan və Hindistan mədəniyyətinin ortaq bir işi kimi qəbul edin. Ekran işi iki ölkə arasında olan münasibəti daha da gücləndirəcək. Hindistanda bir ildə 600-dən çox film çəkilir. Bu da dünyada ən yüksək göstəricidir. Düşünürəm ki, ekran işimiz Azərbaycanda lentə alınmış ən görkəmli filmlərdən olacaq. Burada sizin məşhur aktyorlarınız da rol alacaq. Film ərsəyə gəldikdən sonra digər ölkələrdə də nümayiş ediləcək".
Hindistandan 20-yə yaxın kino işçisinin cəlb olunduğu ekran işində azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov rol alacaqlar.
Tədbirə qatılan A.Pənahova Laçının işğal günü ilə əlaqədar 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad etməyi istəyib.
“Uzun müddətdir danışıqları gedən layihə nəhayət ki, bu il ərsəyə gələcək. Bu filmin məqsədi Azərbaycanın gözəlliyini, adət-ənənələrini, ayrı-ayrı bölgələrini çəkib göstərməkdir" deyə, aktrisa bildirib.
H.Ömərova öz təəssüratlarını bölüşüb:
“22 il Azərbaycan Dövlət Televiziyasında “Retro" verilişinin aparıcısı olmuşam. Tamaşaçılar həmişə hind filmləri nümayiş etdirməyimizi istəyirdilər. Çox şadam ki, belə bir rejissorla əməkdaşlıq edəcəm. Ümid edirəm ki, bu iş Azərbaycan kino sahəsinin inkişafına təkan verəcək".
R.Balayev KİV nümayəndələri ilə maraqlı bir fakt bölüşüb:
“Uşaq yaşlarımda kinoteatrlarda çoxlu hind filmlərinə baxmışam. Məni aktyor olmağa elə məhz bu filmlər həvəsləndirib. Sonralar bir çox festivallarda iştirak etmişəm".
Sözügdən filmin ərsəyə gəlməsi üçün Hindistanın “Ful House” kino şirkəti Azərbaycanın “MR – Pictures Pro” və “Amal Film Production” la müqavilə imzalayıb.