Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.
Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, hər il keçirilən “World Food Azerbaijan” sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. “World Food Azerbaijan”da çörəkbişirmə müəssisələri üçün avadanlıq və qablaşdırma ləvazimatı da nümayiş etdirilir.