Elvin İsmayılov və Əlmirzə Quliyev mübarizəni dayandırıb - yenilənir

Elvin İsmayılov və Əlmirzə Quliyev mübarizəni dayandırıb -  yenilənir
1034 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının ikinci günü başlayıb.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, yarışın ikinci günündə kişilər və qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma, həmçinin kişilər arasında səngər stendi yarışları keçirilir.

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova və Nərminə Səmədova təmsil edir. Bu gün həmçinin Azərbaycanın iki idmançısı- Rəsul Məmmədov və Ruslan Lunev kişilər arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında medal uğrunda mübarizə aparacaq.

Elvin İsmayılov və Əlimirzə Quliyev isə kişilər arasında səngər stendi yarışının ikinci təsnifat günündə mübarizələrini davam etdirəcəklər.

Fərdi yarışların qalibləri birbaşa "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.
____________________

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb.

Yarışda 36 idmançı mübarizə aparır. Azərbaycanı İradə Aşumova və Nərminə Səmədova təmsil edir.
__________

Qadınlar arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının qalibi serbiyalı Zorana Arunoviç olub.

Səkkiz ölkədən idmançıların mübarizə apardıqları final mərhələsində Z.Arunoviç 199.5 xal qazanaraq qızıl medala sahib olub. Beləliklə o, "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Yarışda gümüş medalı ispaniyalı Sonia Franquet, bürünc mükafata isə belaruslu Viktoriya Çayka layiq görülüb.

Sonra qaliblər mükafatlandırılıb.

Qaliblərə medalları Malta Olimpiya Komitəsinin baş katibi Yozef Kassar təqdim edib.

Xatırladaq ki, Z.Arunoviç 2012-ci il London Olimpiadasında 4-cü və 7-ci yerləri tutub. O, 2010-cu ildə keçirilən dünya çempionatında isə birinci yerə layiq görülüb.
__________

Kişilər arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışı başlayıb.

Bu yarışda 33 idmançı medal uğrunda mübarizə aparır. Azərbaycanı Rəsul Məmmədov və Ruslan Lunev təmsil edirlər.

Azərbaycan idmançılarından Elvin İsmayılov və Əlmirzə Quliyev kişilər arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizəni dayandırıblar.
_____________

Hazırda kişilər arasında səngər stendi yarışının finalı keçirilir.

Qızıl medal uğrunda rusiyalı Aleksey Alipov və slovakiyalı Erik Varqa mübarizə aparırlar.

Bürünc medal uğrunda görüşdə isə italiyalı Covanni Pellielo ilə böyük britaniyalı Edvard Ling qarşılaşırlar.
__________

Kişilər arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının finalçıları məlum olub.

Qızıl medal uğrunda Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Slovakiya, Serbiya və Türkiyədən 8 idmançı mübarizə aparacaq.

Azərbaycanı bu yarışda təmsil edən Rəsul Məmmədov və Ruslan Lunev təsnifat mərhələsində mübarizəni dayandırıblar.