Qalib idmançılara hədiyyələr verilib

Qalib idmançılara hədiyyələr verilib
1533 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları yarışlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

Axşam.az xəbər verir ki, iyunun 18-də də Komitənin binasının qapıları birinci Avropa Oyunları yarışlarında qələbə qazanan idmançılarımızla görüşmək istəyən insanların üzünə açıq olub.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, birinci Avropa Oyunları yarışlarının altıncı günündə atletlərimiz 3 qızıl, 1 bürünc medal qazanaraq öz parlaq qələbələri ilə tarix yazıblar.

Qalibləri təbrik edən Ç.Hüseynzadə bildirib:

“Bizim zəfər günlərimiz davam edir. İnanırıq ki, idmançılarımız sonrakı günlərdə də ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar və burada onlarla bir yerdə qələbə sevincini bölüşəcəyik”.

MOK-un vitse-prezidenti diqqətə çatdırıb ki, Avropa ölkələri olimpiya komitələrinin prezidentləri Azərbaycana heyran olduqlarını və “Bakı-2015”in təşkilati işlərinin yüksək səviyyədə qurulduğunu bildirirlər.

Azərbaycanın qızıl medalçıları Toğrul Əsgərov, Xetaq Qazyumov və Ayxan Tağızadəyə, bürünc medal qazanan Cəbrayıl Həsənova MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış lövhəyə öz imzalarını atıblar.

“Məşqlərin bəhrəsini gördüm və Azərbaycana qızıl medallardan birini də mən qazandırdım. Qələbə çox şirin duyğudur. Məqsədim uğurumu “Rio-2016” Olimpiya Oyunlarında təkrarlamaqdır”.

Bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarında taekvondo üzrə qızıl medal qazanan idmançımız Ayxan Tağızadə deyib. O, idmançılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə və Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edib.

Tədbirdə idmançıların birinci Avropa Oyunları yarışlarında qazandıqları parlaq qələbələrdən bəhs edən görüntülər nümayiş olunub.

MOK-un iyunun 14-dən start verdiyi “Zəfər günləri” adlı xüsusi tədbir ayın 29-dək davam edəcək.

Mənbə: AzərTac