İlham Əliyev İtaliyanın baş naziri və prezidenti ilə - fotolar

İlham Əliyev İtaliyanın baş naziri və prezidenti ilə - fotolar
1056 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın prezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.

Axşam.az-ın məumatına görə, əvvəlcə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

“Kici” sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi baş nazir Matteo Renzi qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Prezident İlham Əliyev və baş nazir Matteo Renzi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti baş nazir Matteo Renziyə təqdim olunub.

Geniş tərkibdə görüşdə baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə də görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə dünyada gedən proseslərdə önəmli rolunu qeyd etdi.

Prezident Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.

İtaliya Prezidenti ölkələrimiz arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq dedi ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirib.

Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən dövlətimizin başçısı siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev dedi ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Bildirib ki, “Cənub” qaz dəhlizi ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb.

Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.