"Hilton" hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hiltonun illər əvvəl zorakılığa məruz qaldığını iddia etdiyi internat məktəbinin lisenziyası ləğv edilib.
Axşam.az xəbər verir ki, ABŞ-ın Yuta ştatında yerləşən "Provo Canyon School" fəaliyyəti dövlət qurumlarının qərarı ilə dayandırılıb. Buna səbəb məktəbin şagirdlərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi göstərilib.
Qərardan sonra açıqlama yayan Hilton bildirib ki, illərdir məktəbdə təhsil alan uşaqlar zorakılıq, laqeydlik və travmalar barədə danışırdılar:
"50 ildən çoxdur uşaqlar burada yaşadıqları dəhşətləri bölüşürlər. Bu gün ştat rəsmiləri zərərçəkənlərin illərdir dediyini təsdiqlədi – "Provo Canyon School" himayəsində olan uşaqları qoruya bilməyib."
Hilton 1990-cı illərin sonlarında həmin internatda təxminən bir il qaldığını deyib. O, məktəb əməkdaşlarının onu döydüyünü, duş qəbul edərkən izlədiyini, mənşəyi bilinməyən dərmanlar verdiyini və paltarsız şəkildə otaqda kilidlədiyini iddia edib.
Qeyd edək ki, Hilton uzun illərdir sözügedən internatın bağlanması üçün kampaniya aparır. O, ABŞ Konqresində və müxtəlif ştatların qanunverici orqanlarında çıxış edərək yeniyetmələrin hüquqlarının qorunmasına yönəlmiş qanunların qəbulunu dəstəkləyib.